Bu gün yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr olunan elmi sessiya keçirilib. APA-nın xəbərinə görə, elmi sessiya AMEA Ədəbiyyat İnstitutu və AMEA Rəyasət Heyətinin birgə təşkilatçılığı ilə baş tutub.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli C. Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla həyata keçirilən tədbirlər haqda tədbir iştirakçılarına məlumat verib.

O bildirib ki, C. Hacıbəylinin 125 illik yubileyi dövlət səviyyəsində, geniş miqyasda qeyd olunur: “Ceyhun bəy Azərbaycan ədəbiyyatı, Azərbaycan mədəniyyətində xüsusi çəkisi olan məşhur Hacıbəylilər nəslinin görkəmli nümayəndələrindən biridir. O, böyük ədəbiyyat adamıdır. Ceyhun bəyin yaradıcılığı Azərbaycan mühacirət ədəbiyyatının sanballı bir hissəsini təşkil edir. Azərbaycan reallıqları, o cümlədən dünyada baş verən proseslər onun yaradıcılığında böyük yer tutub. Azərbaycançılıq Ceyhun bəyin böyük amalı olub. Onun irsini toplamaq, nəşr etməyi qarşımıza məqsəd qoymuşuq. Düzdür, bu sahədə bir qədər çatışmazlıq var. Ədəbiyyat İnstitutu Ceyhun bəy Hacıbəylinin əsərlərindən ibarət böyük cildi nəşrə hazırlayıb. Onun fransız dilində qələmə aldığı, 130 səhifəlik “Xatirələri” artıq Azərbaycan dilinə tərcümə olunub. Əsəri fransız dilindən Azərbaycan dilinə Şamil Zaman tərcümə edib. “Xatirələr” həm ayrıca çap olunacaq, həm də birinci cildə daxil ediləcək. Hazırda onun üzərində axırıncı redaktə işləri aparılır”.

İ. Həbibbəyli qeyd edib ki, C. Hacıbəyli irsinin öyrənilməsində sistemli araşdırmalara ehtiyac var.

Filologiya üzrə fəlsəfə doktoru Abid Tahirlinin sözlərinə görə, son 30 ildə C. Hacıbəylinin irsi müxtəlif aspektlərdən öyrənilir: “Bu gün  Ceyhun bəyin irsi müasir tələblər səviyyəsində daha dərindən öyrənilir. Onun yaradıcılığını iki – mühacirətə qədər və mühacirətdən sonrakı dövrə bölmək olar. Mühacirətə qədər olan dövr 1905-1919-cu illəri əhatə edir. Ceyhun bəyin hekayələri, “Hacı Kərim” povesti həmin illər aralığında dövri mətbuatda çap olunub. O, bir tərəfdən cəhalətin, ətalətin, dini fanatizmin, təhsilə xor baxışın, digər tərəfdən isə çar üsul idarəsini kəskin tənqid edib. Onun “Pristav ağa” hekayəsini xüsusi qeyd etmək lazımdır. Ceyhun bəyin qardaşı Üzeyir bəy də “Pristav ağa” adlı hekayə yazıb. Ceyhun bəy “Pristav ağa” hekayəsini qardaşından iki il sonra qələmə alıb. “Pristav ağa” hekayələrinin oxşar və fərqli cəhətləri var. Lakin o dövr Azərbaycan ədəbiyyatında rus hakimiyyətinin nümayəndəsinin quldur kimi təqdimatını məhz Ceyhun bəyin “Pristav ağa” hekayəsində görürük. O, hər zaman əsərlərində milli-mənəvi dəyərləri önə çəkib”.

A. Tahirli qeyd edib ki, C. Hacıbəyli Azərbaycanın istiqlalı uğrunda ideoloji mübarizə aparıb: “Mühacirətdə olduğu zaman qəzet, jurnallar təsis edib. Bədii əsərləri ilə Stalin rejiminə qarşı amansız mübarizə aparıb. Bununla bərabər, Ceyhun bəy daima erməni məkrini ifşa edib. Ceyhun bəy 1914-cü ildə “Sərhəddə” adlı məqalə yazıb. Rəsmi mənbələrə istinadən Arazboyu Azərbaycan kəndlərinin necə talan edilməsini yazıb. Onun publisistikası da çox döyüşkən ruhda olub”

Qeyd edək ki, C. Hacıbəyli 1891-cı ildə Şuşada doğulub. Azərbaycan Cümhuriyyətinin qurucularından olub. 1919-cu ildə Paris Sülh Konfransına qatılan nümayəndə heyətinin tərkibində olan C. Hacıbəyli bir daha vətənə qayıtmayıb. Uzun illər Fransa Xarici İşlər Nazirliyində çalışıb. Azadlıq Radiosunun Azərbaycan redaksiyasının yaradıcılarından olub. C. Hacıbəyli 1962-cü ildə Parisdə vəfat edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın