Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Haber Global” telekanalına müsahibə verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, nazir müsahibəsində Antalya Diplomatiya Forumunun önəmi ilə bağlı düşüncələrini bölüşüb, eləcə də Azərbaycandan Avropaya əlavə qaz tədarükünün ola biləcəyindən, həmçinin Qarabağdakı layihələrdən danışıb.

Xarici işlər naziri qeyd edib ki, uzun fasilədən sonra Rusiya və Ukrayna xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumunun başladığı ərəfədə burada görüşüb danışıqlar aparması, Türkiyənin xarici işlər nazirinin təşkilatçılığı və onun iştirakı çox önəmli addım oldu:

“Müharibə gedən zamanda belə bir görüşün keçirilməsi ilk növbədə Türkiyənin beynəlxalq aləmdə artan nüfuzunun, başqa tərəfdən isə hər iki tərəfin Türkiyəyə olan inamının göstəricisidir. Mən bunu Türkiyə diplomatiyasının böyük uğuru kimi dəyərləndirərdim”.

“Türkiyə və Azərbaycan dövlət başçıları Ukraynadakı müharibənin dayandırılması istiqamətində səylər göstərir”, – deyə nazir vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq münasibətlərin bütün aktorları əlindən gələni etməlidir ki, bu savaş dayansın:

“Əfsuslar olsun ki, bu, artıq 17 gündür davam edir. Günbəgün qurbanların sayı artır. Düşünürəm ki, məsələ diplomatik yolla öz həllini tapmalıdır. Bu istiqamətdə biz çoxsaylı təşəbbüsləri görürük. Savaş başlayandan sonra Prezident İlham Əliyevin həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışıqları olub. Bu gün bir çox dünya liderləri əlindən gələni edirlər ki, bu savaş dayansın”.

Azərbaycanın xarici işlər naziri Ukraynaya göndərilən humanitar yardımlar barədə də danışıb: “İki həftə ərzində Ukraynanı tərk edən insanların sayı 2,5 milyona çatıb. Bu vəziyyətə düşmüş insanlara humanitar yardımın göstərilməsi ümdə məsələdir. Azərbaycan da bu istiqamətdə fəal iş aparır. 26-27 fevral tarixlərində dərman və dərman preparatları, tibbi ləvazimatlarla yüklənmiş karqo təyyarələri Polşa üzərindən Ukraynaya göndərilib. Bu gün və sabah da Bakıdan növbəti 3 təyyarə göndəriləcək”.

Azərbaycanın XİN başçısı Ermənistanın sərhəddəki təxribatlarından danışdı

“Ermənistan tərəfindən vaxtaşırı təxribatlar törədilir. Bu, Ermənistan-Azərbaycan sərhədində baş verir. Biz həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində də bunun şahidi oluruq”, – xarici işlər naziri vurğulayıb.

“Bizim müşahidələrimiz bunun iki əsas səbəbini göstərir: sərhəddəki təxribatlar Ermənistan tərəfindən bu məsələyə daha çox diqqət yönəltmək məqsədi daşıyır və delimitasiya məsələsində Ermənistan tərəfinin irəli sürmək istədiyi ilkin şərtləri əsaslandırmaq üçün istifadə edilir. Çünki Azərbaycanın delimitasiya prosesi ilə bağlı mövqeyi bəllidir. Biz Ermənistan-Azərbaycan işçi qrupunun yaradılmasına və delimitasiya prosesinə razılığımızı bildirmişik.

Təbii ki, beynəlxalq hüquq normaları, beynəlxalq səviyyədə tanınmış sərhədlər anlamına gəlmək şərtilə. Ermənistan tərəfi isə burada bəlli ilkin şərtlər irəli sürməyə çalışdı. Onların ilki şərtlərinin detallarına varmayacam. Ancaq hesab edirəm ki, onlar qəbul edilməzdir. Ermənistan bu məsələdə ciddi şəkildə irəliləyişə nail olmaq istəyirsə, konstruktiv, beynəlxalq hüquqa əsaslanan mövqe tutmalıdır”, – Ceyhun Bayramov əlavə edib.

Ceyhun Bayramov Ordunun erməni təxribatlarına adekvat cavab verəcəyini bildirdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov erməni təxribatlarının cavabsız qalmayacağını vurğulayıb: “Sülhməramlıların müvəqqəti olduğu Azərbaycan ərazisində Ermənistan hərbçiləri tərəfindən törədilən təxribatların əsas səbəbi birmənalı şəkildə üçtərəfli Bəyanatın şərtlərinin Ermənistan tərəfindən pozulmasıdır. Çünki 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin orada yerləşdirilməsi ilə paralel olaraq Ermənistan hərbçiləri həmin ərazidən tam çıxarılmalı idi. Biz görürük ki, onlar tam çıxarılmayıb”.

“Əlavə olaraq bizim hərbçilərimiz vaxtaşırı erməni hərbçilər tərəfindən bəlli mühəndis istehkam işlərinin aparılmasını müşahidə edirlər. Yəni onlar öz mövqelərini yaxşılaşdırmaq istəyirlər. Təbii, hər kəs başa düşür ki, Azərbaycan ərazisində bunu etmək qəbuledilməzdir və bu barədə onlara dəfələrlə xəbərdarlıq olunub. Buna cavab olaraq onlar tərəfindən təxribatlar törədilir. Belə olan təqdirdə təbii ki, Azərbaycan Silahlı Qüvvələri buna adekvat cavab verirlər və verəcəklər”, – Ceyhun Bayramov əlavə edib.

Nazir: “Avropadan Azərbaycana əlavə qaz tədarükü ilə bağlı müraciətlər daxil olur”

“Avropa ölkələrindən Azərbaycana əlavə qaz tədarükü ilə bağlı çoxsaylı müraciətlər daxil olur”, – xarici işlər naziri Ceyhun Bayramov açıqlamasında deyib. Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə əməkdaşlığı nümunəvi xarakter daşıyır.

“Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə həyata keçirilən enerji layihələri Avrasiyanın enerji xəritəsini uzun illər ərzində dəyişdirib. Son 15 ildən artıq bir müddətdə Azərbaycan həmin bu iş birliyi nəticəsində Avropaya neft və neft məhsullarını tədarük etməkdə davam edib. Artıq TAP layihəsi ilə Gürcüstan və Türkiyə üzərindən Xəzər dənizinin qaz ehtiyatları hesabına Avropaya qaz təchizatına başlanılıb.

Birinci mərhələdə 10 milyard kubmetr qazın Avropa bazarlarına, ilk olaraq üç ölkəyə İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılması təmin edilib. İndi də müraciətlərin sayı çoxdur. Qərbi Balkanlar və başqa Avropa ölkələrinə əlavə qaz həcmlərinin daxil olması üçün müraciətlər daxil olur. Bu istiqamətdə Azərbaycan və Türkiyə iş birliyi hesabına yaxın zamanlarda qaz həcmlərinin artırılması istiqamətində addımlar atılacaq”, – C.Bayramov əlavə edib.

Özel Röportaj I Azerbaycan Dışişleri Bakanı Ceyhun Bayramov’dan Haber Global’e Özel Açıklamalar

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın