Ermənistan tərəfindən hələ də üçtərəfli bəyanatlar tam yerinə yetirilmir, erməni hərbçiləri Azərbaycan ərazilərindən tam çıxarılmayıb.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının Astana şəhərində keçirilən toplantısında çıxışı zamanı deyib.

C.Bayramov toplantı iştirakçılarını 44 günlük müharibə sonrası bölgədə yaranan yeni reallıqlar fonunda indiki durum barədə, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi ilə bağlı məsələlərlə bağlı məlumatlandırıb. O, münaqişənin bitməsinin, iqtisadi və kommunikasya əlaqələrinin bərpası yolu ilə bölgədə uzunmüddətli sülh və sabitliyiə nail olmaq üçün yeni imkanlar yaratdığını bildirib. Özəlliklə, bölgədə tranzit imkanlarının artırılması və ümumilikdə sərmayə mühitinin gücləndirilməsinə qulluq edəcək Zəngəzur dəhlizinin açılışından sonra bölgənin önəminin artacağı diqqətə çatdırılıb.

Nazir azad olunmuş torpaqlarda Azərbaycan hökuməti tərəfindən həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, məcburi köçkünlərin öz evlərinə geri dönüşünü təmin etmək üçün görülən fəal işlərdən danışıb. Qısa müddət ərzində görülən işlərin miqyasının Azərbaycanın azad olunmuş torpaqları bərpa və inkişaf etdirmək qətiyyətini nümayiş etdirdiyi və bunun da öz növbəsində, bölgənin münaqişə sonrası sabitliyinə ciddi töhfə verəcəyi iclas iştirakçılarının nəzərinə çatdırılıb.

Bununla yanaşı, Ermənistan tərəfindən təxribatların davam etdirildiyi qeyd edilib, o cümlədən 13-14 sentyabr tarixlərində sərhəd zonasında Azərbaycan qüvvələrinin təminat yollarının minalanması cəhdi ilə başlanan növbəti hərbi təxribatın çoxsaylı insan itkisinə səbəb olduğu vurğulanıb.

Ermənistanın bu hərəkətlərinin bölgədə sülh və sabitliyin təmin olunması səylərinə xələl gətirdiyi diqqətə çatdırılıb. Nazir Azərbaycan Respublikasının münasibətlərin normallaşması və danışıqlar prosesinin irəli aparılması istiqamətində Ermənistan tərəfindən real addımların atılmasını gözlədiyini və ölkəmizin bu xüsusda səylərini davam etdirməyə qətiyyətli olduğunu bəyan edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın