“Udmalı olduğumuz oyun idi. İlk yarıda çox sayda imkanlarımız oldu, ancaq yararlana bilmədik. Fasilədən sonra da yaratdığımız imkanları dəyərləndirə bilmədik. Təbii ki, qol vurmadan qalib gəlmək olmur. Futbolçularım meydanda ürəklərini qoydular. Qrupdakı son şansımızdan istifadə etmək istəyirdik. Təəssüf ki, alınmadı”.

Bunu UEFA Millətlər Liqası çərçivəsində Kipr yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi oktyabrın 13-də oyundan sonra keçirilən mətbuat konfransında AFFA-nın saytına deyib.

İtaliyalı mütəxəssis bildirib ki, “bu oyunda iki xal itirdik, nəinki 1 xal qazandıq. İlk yarıda hesab 3:0 ola bilərdi. Dediyim kimi, şanslardan yararlana bilmədik”.

“Oyuna yaxşı köklənmişdik. Udacağımıza inanırdıq. Qalib gəlsəydik, komandadakı əhval-ruhiyyə müsbət mənada dəyişə bilərdi. Müdafiədə səhv etməmək üçün çalışdıq hücumameylli futbol oynayaq, müdafiədən tez hücumlara keçək”, – deyə о, bildirib.

“Komandada hər şeyə mən qərar verirəm. Penalti epizoduna gəlincə, Qara Qarayevin vurmasını mən istədim. Komandamızın kapitanıdır. İstədik ki, bu çətin durumda penaltini o yerinə yetirsin”, – deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, Ermənistan ordusunun ölkəmizə qarşı genişmiqyaslı hərbi təxribatları ilə bağlı olaraq Azərbaycan – Kipr qarşılaşması neytral meydanda – Albaniyadakı Elbasan şəhər stadionunda keçirilib və oyunda hesab açılmayıb.

UEFA Millətlər Liqasının IV turu

C liqasında yer alan Azərbaycan yığması Kiprlə qolsuz bərabərə qalıb. 1-ci qrupun başqa oyununda Monteneqro öz meydanında Lüksemburqa uduzub. Səfərdə əzmkar qələbə qazanan lüksemburqlular rəqibi ilə xalları bərabərləşdirib və hətta şəxsi oyuna görə liderliyə yüksəlib.

A liqasının 4-cü qrupunda keçirilən hər iki oyun maraqlı alınıb. Lider İspaniya Kiyevdə Ukraynanın qonağı olub. Gərgin keçən qarşılaşmada ukraynalılar 7-ci dəfə üz-üzə gəldiyi İspaniyanı tarixində ilk dəfə məğlubiyyətə uğradıb.

Almaniya ilə İsveçrə arasında Kölndəki oyunda qapılara 6 qol vurulsa da, qalib müəyyənləşməyib – 3:3. 

Qitənin ən zəif millilərinin yer aldığı D liqasında Farer adaları Andorraya qalib gələrək, liderliyini güclədib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın