Futbol üzrə Azərbaycan Milli Komandası UEFA Millətlər Liqasının yeni mövsümünə iyunun 3-də C divizionunun 3-cü qrupunda Qazaxıstan yığması ilə oyunla başlayacaq. “Astana Arena” stadionunda baş tutacaq Qazaxıstan-Azərbaycan qarşılaşması Nur-Sultan vaxtı ilə saat 20:00-da başlayacaq.

YALAN.info bildirir ki, Azərbaycanın 65 yaşlı italiyalı baş məşqçisi Canni De Biazi Qazaxıstanın “Sports.kz” saytının suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

– Komandanız Millətlər Liqasında ilk oyununu Qazaxıstana qarşı keçirəcək. Turnirə uğurlu başlamaq sizin üçün nə dərəcədə önəmlidir?

– Mənim ölkəmdə belə deyirlər: yaxşı başlayanlar artıq öz işinin yarısını görüb. Bilirik ki, səfərdə yaxşı komandaya qarşı uğurlu start asan olmayacaq. Ancaq həm özümüz, həm Azərbaycan xalqı, həm federasiya, ən əsası isə bayrağımız üçün oradan üç xalla dönməliyik.

– İyunda bu qrupun komandaları 10 günə 4 oyun keçirəcəklər. Təqvim haqqında nə düşünürsünüz?

– Bilirəm ki, qısa müddətdə çoxlu səyahətlə dörd görüş keçirmək asan olmayacaq. Dincəlmək lazımdır, ancaq bu, mümkün deyil. Bununla belə, beynəlxalq təqvim çox sıxdır.

– Azərbaycan millisinin açıqlanan ilkin heyətində cəmi 15 futbolçu yer alıb. Bu, nə ilə bağlıdır?

– Çünki mayın 27-də ölkə kubokunun final qarşılaşması var idi və mən bu oyunda iştirak edən futbolçuların konsentrasiyasını pozmaq istəmədim.

– İndi Azərbaycanın ən güclü futbolçularını Qazaxıstana gətirmək istəyirsiniz?

– Mütləq.

– Maraqlıdır, Qazaxıstan yığmasının heyətində kimləri fərqləndirərdiniz?

– Mən adətən ümumi komandaya baxıram. Futbolçuların fərdi keyfiyyətlərini və oyun tərzini ictimaiyyət qarşısında müzakirə etmirəm. Qazaxıstan millisi yaxşı oyunçuları olan komandadır.

– Maqomed Adiyevin rəhbərliyi altındakı komandadan nə gözləmək olar?

– Düşünürəm ki, o, uğur qazanmaq, qalib gəlmək istəyir. Ancaq biz də eyni şeyi istəyirik.

– Oyun “Astana Arena”nın süni örtüklü meydançasında keçiriləcək. Bu, komandanız üçün problem ola bilərmi?

– Hər iki komanda üçün oyun meydançası eynidir. Şəxsən belə meydançalar mənim xoşuma gəlmir.

– Millətlər Liqasında Azərbaycan yığmasının qarşısına hansı vəzifə qoyulub?

– Bacardığınız qədər irəli getmək.

– Sizcə qrupumuzun favoriti hansı komandadır?

– Slovakiya millisi.

Yada salaq ki, 2020-ci ilin iyul ayından Azərbaycanın əsas komandasının baş məşqçisi Canni De Biazi vaxtilə Balkan dövlətinin milli komandasının başında “Alban möcüzəsi”nin müəllifi olmuşdu. Azərbaycan millisi bu ilin mart ayındakı son oyununda Latviyaya uduzub (0:1). Qazaxıstan isə martda Moldova ilə oynayıb və iki oyunun nəticəsinə əsasən, C divizionunda yerini qoruyub saxlaya bilib (2:2 – ümumi, pen. – 5:4).

Onu da bildirək ki, Azərbaycan UEFA Millətlər Liqasının C divizionunun 3-cü qrupunda Slovakiya, Belarus və Qazaxıstanla mübarizə aparacaq.

3 iyun
22.45. Slovakiya – Belarus
18.00. Qazaxıstan – Azərbaycan

6 iyun
22.45. Slovakiya – Qazaxıstan
22.45. Belarus – Azərbaycan

10 iyun
20.00. Azərbaycan – Slovakiya
22.45. Belarus – Qazaxıstan

13 iyun
18.00. Qazaxıstan – Slovakiya
20.00. Azərbaycan – Belarus

22 sentyabr
18.00. Qazaxıstan – Belarus
22.45. Slovakiya – Azərbaycan

25 sentyabr
20.00. Azərbaycan – Qazaxıstan
20.00. Belarus – Slovakiya

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın