“Öncə Zəfər Gününüz mübarək olsun. Bayramınızı təbrik edirəm. Uşaqlar istəklidir. Göstərmək istəyirik ki, bizi udmaq asan deyil. Düşünürəm ki, bunu Portuqaliya və Serbiya ilə oyunlarda da sərgilədik. Daha da inkişaf etməliyik”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Lüksemburq yığmasına qarşı keçirəcəkləri 2022-ci il Dünya Çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis AFFA-nın türkiyəli baş məşqçilərlə danışıq aparmaları ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib: “O baxımdan bəxtim gətirib ki, dili yaxşı bilmirəm. Saytları, qəzetləri oxumuram. Açığı, heç maraqlanmıram da. Mən öz işimə köklənmişəm. Seçmə mərhələdən qabaq heç kim bizim qrupu ilk 2 sırada tamamlayacağımızı gözləmirdi. İlluziyalarla yaşamamalıyıq. Bizə vaxt lazımdır. Nəyisə 1 gündə dəyişmək olmaz”.

O, yığmaya çağırdığı Mert Çeliklə Cəlal Hüseynova şans verəcəyini istisna etməyib: “Mertin problemi var. Onu bərpa etməyə çalışacağıq ki, ehtiyat skamyamız geniş olsun. Cəlal gənc oyunçudur. Çıxışını bəyənirəm. 2 oyundan birində ona şans verməyi düşünürəm”.

Mahir Emrelinin uzun müddətdir yığmada qol vura bilməməsinə də toxunan De Byazi bildirib ki, hücumçu sabah sakit oynamalıdır: “Həm ayaqla, həm də başla fərqlənə bilir. Öz gücünü meydanda ortaya qoymalı, qol barədə düşünməməlidir. Qol özü gələcək”.

İtaliyalı mütəxəssisin sözlərinə görə, sabah meydanda fərqli heyət olacaq: “Bu, bəhanə deyil. Bəzi futbolçular zədə səbəbindən olmayacaqlar. Lüksemburq yaxşı komandadır. 12 ildir eyni baş məşqçinin rəhbərliyi altında oynayırlar. Gənc futbolçuları səviyyəli komandalarda çıxış edir. Bizdə isə cəmi 8 klub var, çoxu da legionerlərə üstünlük verir. Müəyyən layihə hazırlanmalıdır. Bundan sonra inkişafa nail olmaq mümkündür. Federasiya təxminən fikirlərimi bilir, hansı futbolçularla mübarizə apardığımızı görür. Renat Dadaşov, Bədavi Hüseynov zədə səbəbindən bizimlə olmadı. Təqribən 40 futbolçu arasından seçim edirik. Əsasən gənclərə şans verməliyik. Həyatda heç nə bir gündə həll olunmur”.

Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan – Lüksemburq qarşılaşması saat 21:00-da başlayacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın