Son onillikdə Madaqaskarın cənub rayonları dəhşətli quraqlıqdan əziyyət çəkir. Bir milyondan çox insan aclıq səbəbindən ölümə məhkumdur.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) bəyanatında məlumat verilir.
Madaqaskarın rəsmən iqlim dəyişmələri səbəbindən aclıqdan çətinlik çəkməsi ilk dəfədir. Afrikanın bu ada-ölkəsinin Hind okeanında yerləşən cənub yarısı misli görünməmiş quraqlıqdan əziyyət çəkir. 1,3 milyondan çox sakin doyunca qidalana bilmir.
Madaqaskarın ətraf mühit naziri Baomiavotse Vaxinala Raxarinirina bildirib ki, durum böhran həddinə çatıb və nə vaxt yağış yağacağı bilinmir. Səhralaşma, il boyunca 45 dərəcə isti, suyun çatışmaması, – bütün bunlar dəhşətli reallıqdır. On ildən çoxdur ki, Madaqaskarın cənub rayonları ərzaq qıtlığından çətinlik çəkir. Son dörd ildə ərzaq təhlükəsizliyi sarıdan durum daha da pisləşib.
Adanın cənubunda yaşayan insanların 95 faizinin həyatı kənd təsərrüfatından, heyvandarlıqdan və balıqçılıqdan asılıdır. Quraqlıq mal-qaranın tələf olmasına gətirib çıxarıb. Bu səbəbdən insanların durumu daha da pisləşib, çünki onların dolanışıq vasitələri kəskin şəkildə məhdudlaşır.