Cəbəllütariq Qran-Prisində 3-cü yeri tutmuş Günay Məmmədzadə ilə müsahibə

Azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrossmeyster və kişilər arasında beynəlxalq usta Günay Məmmədzadə Cəbəllütariqdə qadın şahmatçılar arasında keçirilən Qran-Prinin 3-cüsü oldu.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, şahmatçımız yarış ərəfəsində FIDE-yə verdiyi müsahibəsində öz şahmat həyatı, şahmata necə başlaması, qarşılaşdığı çətinliklər, şahmat onun üçün nədir və başqa sualları cavablandırıb. Həmin müsahibənin video yazısı və tərcüməsini təqdim edirik:

Şahmata 5 yaşımda nənəm və babamın sayəsində başlamışam. Onlar şahmat həvəskarı idilər və hər dəfə onların oyunlarını izləyə-izləyə məndə şahmata sevgi yarandı. Bunu görən valideynlərim qərara gəldilər ki, mən şahmatla məşğul olmalıyam, ən azından şahmat oynamağı bacarmalıyam. Beləcə şahmat oynamağa başladım.

Məndən 4 yaş balaca qardaşım var. O, şahmat oynamağı bacarır, ancaq şahmatla professional olaraq məşğul olmur.

Şahmatda qələbə hissini sevirəm və bu hissi həmişə yaşamağa çalışıram. Əlindən gələnin ən yaxşısını etməyə çalışmaq, özünü inkişaf etdirmək, özgüvənli və intizamlı olmaq kimi nüanslar şahmatı mənə sevdirir.

Öz üzərimdə çox çalışırdım. 6-7 yaşımda olmağıma baxmayaraq gündə 7 saat şahmatla məşğul olurdum. Daha sonra şahmat turnirlərinə qatıldım və yaxşı nəticələr əldə elədim. Buna görə də bu gün burdayam.

İki seçim arasında qalmışdım: şahmat yoxsa təhsil. Gördüm ki şahmatı daha çox sevirəm, bəlkə də hərşeydən daha çox. Buna görə də belə demək olarsa təhsilimi yarıda qoydum. 7-ci sinifə qədər məktəbə getdim və daha sonra bütün diqqətimi şahmata yönəldə bilməyim üçün məktəb mənə dərslərdə iştirak etməmək üçün icazə verdi.

İlk uğurumu 7 yaşında olarkən Gürcüstanda əldə etmişəm. 7 yaşlı qızlar arasında keçirilən Avropa çempionatında iştirak edirdim. Çempionatda çox yaxşı oyunlar keçirdim və 3-cü yerə çıxdım.

Gələcək hədəflərlə bağlı danışmaq gözəldir ancaq bu haqda danışanda onun özəlliyini itirə bilərsən. Ona görə də bu hədəfləri özümə saxlamaq istəyirəm. Onları reallaşdırdığım zaman onsuz da hər kəs görəcək. Əlbəttə ən yüksək səviyyədə oynamaq və nəyi bacardığımı görmək istəyirəm.

Oyun tərzimin universal olduğunu deyərdim, ancaq düşünürəm ki, hücum oyununu daha çox sevirəm. Əslində bu duruma görə dəyişir: hər şeydən bir az. Durumun gərəkdirdiyi tərzdə oynayıram.

Yetərincə peşəkar olduğumu düşünürəm və dostluqla peşəkarlığı bir-birinə qarışdırmıram.

Gibraltala (Cəbəllütariq) ilk gəldiyim zaman buranı sevdim. Gibraltal gözəl yerdir və burda özümü evdəki kimi duyuram. İkinci dəfə burda olmaq çox gözəldir. Xoşbəxtəm ki, 12 oyunçu ilə birlikdə burdayıq və bu gözəl turniri keçiririk. Bu əladır. Buna görə xoşbəxtəm.

Hər kəs bizə yardımçı olmaq üçün əlindən gələni etdi. Görək necə olacaq.

At minməyi, kitab oxumağı sevirəm və xarici dillərə qarşı böyük marağım var. Boş vaxtlarımda yoqa etməyi sevirəm. Bundan zövq alıram. Qaçmağı çox sevirəm. Qaçmaq zehnimi açır və mənə güvən verir. Bunlar mənim həvəs duyduğum sahələrdir.

Şahmat ailəm kimidir. Şahmat oynarkən özümü güvəndə və yaxşı hiss edirəm. Şahmat mənə xoşbəxtlik gətirir.

Meet Gunay Mammadzada

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir