Qazaxıstanın Mangistau vilayətində və Almatı şəhərində etiraz aksiyaları ilə başlayıb bir sıra bölgələrdə çoxsaylı insan itkiləri ilə nəticələnən faciəvi hadisələrlə bağlı bu gün ölkədə ümummilli matəm günü elan edilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Prezident Kasım-Jomart Tokayev ölkənin bir sıra regionlarında faciəvi hadisələr nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı 2022-ci il yanvarın 10-nu ümummilli matəm günü elan edib.

Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.

Prezident Kasım-Jomart Tokayev durumu öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və o, yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib.

Bununla belə dinc etirazlar başqa şəhərlərə də yayılıb. Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub. Dövlət başçısı insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. Prezident hakimiyyətin süquta uğramayacağını deyib.

Daha sonra dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Yanvarın 19-dək davam edəcək fövqəladə vəziyyət özündə saat 23:00-dan 07:00-dək komendant saatı, hərəkət azadlığının məhdudlaşdırılması və b. ehtiva edir.

Yanvarın 5-də Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan başqa, Mangistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov saxlanılıb. O, qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunur.

Qazaxıstan Daxili İşlər Nazirliyi Mangistau vilayətindəki etiraz aksiyalarını yatırmaq üçün hərbi qüvvə yeridilmədiyini açıqlayıb. Yanvarın 5-də Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Milli Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb.

Həmin gün Prezident Kasım-Jomart Tokayev bütün ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edib. Dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Qazaxıstana sülhməramlı qüvvələr göndərməklə bağlı müraciət edib. Təşkilat müraciəti nəzərə alaraq Qazaxıstana müvəqqəti olaraq sülhməramlılar göndərib.

Yanvarın 8-də Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov saxlanılıb. O dövlətə xəyanətdə şübhəli bilinir.

Ölənlərin sayı haqqında məlumat verilmir

Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyi iğtişaşlar zamanı həlak olan hüquq-mühafizə orqanı əməkdaşlarının sayını açıqlayıb: “İctimai asayişin qorunması və ölkənin konstitusiya quruluşunun müdafiəsi zamanı 16 nəfər iğtişaşçılar tərəfindən öldürülüb, 1300-dən çox polis, Milli Qvardiyanın və Müdafiə Nazirliyinin, eləcə də xüsusi təyinatlı orqanların əməkdaşları yaralanıb”.

Prezidenti Kasım-Jomart Tokayev respublikada iğtişaşlar zamanı həlak olan 16 hərbçi və polis əməkdaşını ölümündən sonra mükafatlandırıb. Sərəncamın mətni bazar günü dövlət başçısının saytında yayımlanıb.

“Hərbi və xidməti vəzifələrin yerinə yetirilməsi zamanı göstərdiyi şücaət və fədakarlığa, habelə dövlət mənafelərinin qorunması sahəsində göstərdiyi əməllərə görə təltif edilsin <…>”, – sənədin mətnində deyilir. Daha sonra ikinci və üçüncü dərəcəli “Şücaət” ordeni və “Hərbi rəşadətə görə” medalı da daxil olmaqla, ölümündən sonra dövlət mükafatlarına təqdim edilmiş 16 nəfərin siyahısı aşağıda verilir.

Bazar günü “Xabar-24” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən iğtişaşlar zamanı ölənlərin sayının 164-ə çatması ilə bağlı məlumat yayıb: “Səhiyyə Nazirliyinin məlumatına görə, Qazaxıstanda iğtişaşlar başlayandan indiyədək Qızılorda vilayətində 21, Cambil vilayətində 10, Almatı şəhərində 103 nəfər ölüb. Ata rayonunda isə 8 nəfər həlak olub”.

Qazaxıstan Səhiyyə Nazirliyi ölkədə iğtişaşlar zamanı 164 nəfərin həlak olması ilə bağlı xəbəri təkzib edib. Nazirliyin təkzib etməsindən sonra Qazaxıstanın operativ qərargahın Telegram kanalında yayımlanmış ölənlərin sayı barədə məlumat silinib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın