Bu gün əfsanəvi döyüşçü, Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin şəhid olduğu günüdür.

Əliyar Yusif oğlu Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.

Əliyar Əliyev 1979-cu il sentyabrın 15-də bacısıgilin qonşuluğunda yaşayan Pəri adlı qızla ailə qurur. Gənc ailə Qubadlıda yaşamağa başlayır. Onların Emin, Yusif adlı iki oğlu və Pərvanə adlı bir qızı dünyaya gəlir.

Milli Qəhrəmanımız Yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş səkkiz nəfər respublika və SSRİ çempionu olub, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri, Heydər Məmmədəliyev isə güləş üzrə dünya çempionu olub.

Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır. Öncə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib.

Onun təşkil etdiyi tabor camaat arasında “Pəhləvanlar taboru” kimi da tanınır. Çünki könüllülərin çoxu onun başçılıq etdiyi Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin üzvləri idi. 1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoyur.

1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib. O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib.

Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olurlar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunur. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 nömrəli Fərmanı ilə Əliyar Yusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Başqa işğal altında olan torpaqlarımızla birlikdə Qubadlı da düşmən tapdağından azad edildikdən sonra Milli Qəhrəmanın hərbçi oğlu Emin atasının məzarını kəndlərində tapır və yenidən bərpa etdirir.

Allah rəhmət eləsin!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın