Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah bildirir ki, bu gün Azərbaycan Respublikasında 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Həmin şəxslərdən 8 nəfərin durumu orta ağır dəyərləndirilir, qalanlarının səhhəti isə stabildir.

İndi Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı gərəkli işlər davam etdirilir. İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.

Xatırladaq ki, 29 mart, saat 00:00-dan başlayaraq Azərbaycan ərazisində xüsusi karantin rejimi gücləndirilib.

Beləliklə, xüsusi karantin rejimi dövründə bütün ictimai-iaşə obyektlərində – kafe, restoran, çay evlərində müştərilərə yerində xidmət dayandırılıb. Bu obyektlərdən məhsulların evə çatdırılma xidmətinə isə məhdudiyyətsiz icazə verilib.

Supermarketlər, ərzaq mağazaları və apteklər isə fəaliyyətini davam etdirir.

Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.

Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın