“Bütün Azərbaycan xalqını təbrik edirəm. Mən yer tutmaya da, bürünc medal qazana da bilərdim. Ancaq mən evdən qızıl medal üçün çıxmışdım”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri 36 yaşlı karateçi, dünya karatesinin “Brilyant oğlan”ı Rafael Ağayev Tokio Olimpiadasında gümüş medal qazandıqdan sonra deyib.

O, finalda italiyalı Luici Buzaya uduzması barədə danışıb.

ITALY vs AZERBAIJAN | KARATE KUMITE Men’s 75kg FINAL – Highlights | Olympic Games – Tokyo 2020

“Brilyant oğlan” ilk və son Olimpiya medalını qazanmağın xoş duyğularını bölüşüb:

“İdmançılar var ki, gəzmək üçün və sadəcə Olimpiadada iştirak etmək üçün gəlirlər. Təəssüflər olsun ki, Tokioya qızıl medal üçün gəlsəm də, gümüş medal oldu. Özünüz də söylədiniz ki, hakimliyə qarşı da finalda mübarizə apardım. Ancaq bəhanələri sevmirəm, olan oldu.

Mən mükafatlandırma mərasimində Luici Buza ilə görüşmədim, çünki o, buna layiq deyildi. Mən dünyanın bir nömrəsiyəm. Bu, özündənrazılıq deyil. Dünyada beşqat dünya çempionu yoxdur. Hesab 0:0 olanda vurduğum zərbə xal sayılsaydı, görüş başqa nəticə ilə başa çatacaqdı. Orda dörd yan xətt hakimi bayraqları xeyrimə qaldırmışdı. Ancaq təkrara baxıb, xalımı vermədilər.

Azərbaycan xalqına, idmana qayğı göstərən ölkə prezidentinə, federasiya prezidentinə, ilk məşqçim Rafael Məmmədova, Füzuli Musayevə, millidə baş məşqçim Qurban Tağıyevə təşəkkür edirəm. Bu, tək mənim yox, bütün Azərbaycanın, türk millətinin qələbəsidir. Bundan sonra dayanmayıb növbəti yarışlara hazırlaşacağam”.

Daha sonra 36 yaşlı Rafael Ağayev gözlənilənin əksinə olaraq hələ dörd il də karyerasını davam etdirəcəyini bildirib:

“Mən uzun müddət idi ki, bu Olimpiya medalının həsrətində idim. Olimpiadada karate daha öncə olsaydı, indi Olimpiya çempionu da olmuşdum. Aldığımız məlumata görə, karate ilk və sonuncu dəfə Tokio Olimpiadasına salındı. Düzdür, ola bilsin ki, Los Anceles-2028-də olsun. Ancaq mən onda karyeramı bitirmiş olacağam. Hələ 2025-dək döyüşəcəyəm. Bundan sonra karyeramı bitirib, Azərbaycanda öz məktəbimi açmaq istəyirəm”.

R.Ağayev beşqat dünya, 11 qat Avropa çempionu olmaqla yanaşı, 2013-cü ildə IX Dünya Oyunlarında və Dünya Döyüş Növləri Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Karateçimiz “Bakı-2015” ilk Avropa Oyunlarında, eləcə də 2013-cü ildə İndoneziyada, 2017-ci ildə isə Azərbaycanda təşkil olunan İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib olub. O, 2019-cu ildə Əməkdar idman ustası adına layiq görülüb.

Rafael Ağayevlə müsahibə

Bununla da Tokio-2020 Yay Olimpiadasında Azərbaycanın rəsmiləşən medallarının sayı dördə çatıb. Bundan öncə idmançılarımız üç bürünc medal qazanmışdı.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın