Braziliyada keçirilən prezident seçkilərində Luis İnasio Lula da Silva qalib gəlib.

YALAN.info bildirir ki, bununla bağlı ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Protokolların 99,1 %-nin hesablanmasına görə, Braziliyada keçirilən prezident seçkilərində Lula da Silva rəqibi Jair Bolsonaronu təxminən 2 milyon səslə qabaqlayıb.

Bildirək ki, Braziliyada prezident seçkilərinin ikinci turu bazar günü keçirilib. 9 saat davam edən seçkilərdə Lula da Silvanın rəqibi indiki dövlət başçısı Jair Bolsonaro olub. Jair Bolsonaro seçkilərin nəticələri bilindikdən sonra oğlu Flavio ilə birlikdə Alvorada sarayına (iqamətgahı) çəkilib və nazirləri görmək istəmir. Həmçinin, məğlubiyyətdən sonra Bolsonaro heç bir açıqlama verməyib.

Da Silvanın seçki kampaniyasında əsas şüarı “kasıb insanı büdcəyə daxil edək” olub. O, maaşların hər il inflyasiya səviyyəsindən yuxarı indeksləşdirilməsini, yoxsul ailələrə ödənişlərin artırılmasını və vergilərə aztəminatlı əhalinin xeyrinə yenidən baxılmasını, həmçinin məşğulluğun stimullaşdırılmasını söz verib.

Yada salaq ki, 77 yaşlı Lula 2003-cü ildən 2010-cu ilədək Braziliyanın Prezidenti olub. O, Sosialist Fəhlə Partiyasının həmtəsisçisi və fəxri sədridir. Beş dəfə prezident seçkilərində iştirak edib. İlk üç dəfə (1989, 1994 və 1998-ci illərdə) uduzub. O, 2002-ci ildə seçilib, 2006-cı ildə isə yenidən seçilib.

2010-cu ildə “Time” jurnalı Lulanı “dünyanın ən təsirli insanı” adlandırıb. Lula 2017-ci ildə korrupsiya və çirkli pulların yuyulması işi üzrə 9,5 il müddətinə azadlıqdan məhrum edilib. O, 2019-cu ilin noyabrında azad edilib. 2021-ci ilin martında Braziliyanın Federal Ali Məhkəməsi ona qarşı bütün ittihamları ləğv edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın