“Ukraynada müharibə Rusiya istəyəndə bitəcək”.

YALAN.info UNIAN-a istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş CNN telekanalına müsahibəsində deyib.

O etiraf edib ki, görüşlər müharibəni bitirməyəcək: “Savaş Rusiya bu barədə qərara gələndə və atəşkəsdən sonra ciddi siyasi anlaşma əldə olunanda bitəcək. İstədiyiniz qədər görüş ola bilər, ancaq bu, müharibəni bitirməyəcək”.

Yada salaq ki, BMT Baş katibi Moskvada səfərdə olub. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşməzdən öncə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb.

Daha sonra, aprelin 28-də Ukraynaya səfər edən BMT baş katibi Antoniu Quterreş dağıdılmış Borodyankada olub. O, gördüklərindən dəhşətə gəldiyini deyib.

BMT baş katibi Antoniu Quterreş Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə apardığı danışıqların detallarını açıqlayıb. Quterreş Ukrayna lideri ilə Mariupoldan təxliyə ilə bağlı intensiv müzakirələr apardığını bildirib.

“Biz insanların Azovstaldan təxliyəsi üçün əlimizdən gələni edirik”, – BMT baş katibi deyib. Dünya təşkilatının rəhbəri Mariupoldakı durumu böhran daxilində böhran adlandırıb.

“Rusiyanın Ukraynaya hücumu BMT nizamnaməsinin pozulmasıdır. BMT-nin dəyərlərindən biri ərazi bütövlüyünə hörmətdir. Bu əsasdır”, – o, cümə axşamı Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra keçirdiyi brifinqdə vurğulayıb.

Baş katib həmçinin etiraf edib ki, BMT Təhlükəsizlik Şurası münaqişənin həlli üçün əlindən gələn hər şeyi edə bilməyib. “Biz təslim olmayacağıq. Biz güc tətbiq etməyə qarşı mübarizə aparacağıq”, – Quterreş vuğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın