ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da keçirilən “Demokratiya zirvəsi” dünyanın aparıcı dövlətləri, onların liderləri, ekspertləri və kütləvi informasiya vasitələri tərəfindən müzakirə olunub, tənqidlər səsləndirilib, iradlar irəli sürülüb. Yekdil fikir ondan ibarətdir ki, sammitin keçirilməsinin məqsədləri, iştirakçıları və iştirakçılar seçilərkən tətbiq olunan meyarlar, zirvənin demokratiyadan daha çox başqa maraqlara xidmət etdiyini göstərir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın açıqlamasına istinad edərək, beynəlxalq münasibətlər sisteminin transformasiya olunduğunu və BMT-nin rəhbərlik etdiyi indiki strukturunun getdikcə köhnəldiyini söyləyib: “ABŞ təkbaşına dominantlıq etmək niyyətində olduğu öz rahatlıq zonasını yaratmaq üçün beynəlxalq hüquqa əsaslanan beynəlxalq münasibətlər sistemini və BMT-nin mərkəzi rolunu məhv edir”. Zaxarovaya görə, məhz bunun üçün Amerika Birləşmiş Ştatları “Demokratiya sammiti” şəklində izdihamlı səhnə təşkil edəcək, onun iştirakçılarına isə Amerika rejiminin maraqlarına xidmət etmək fəxri hüququ veriləcək.

Sammitə dünyanın iqtisadi nəhəngi Çin tərəfindən də münasibət bildirilib. Çin Xarici İşlər Nazirliyi ABŞ-ın öz meyarlarına əsaslanaraq dünya ölkələri və regionlarının yarısını “demokratiya” kateqoriyasında yerləşdirdiyinə diqqət çəkib, digər yarısını isə “demokratik olmayan ölkələr” adlandırıb. Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, belə bir addım demokratiyanın ruhuna ziddir. Çinin xarici işlər naziri Vanq Yi isə hesab edir ki, ABŞ-ın məqsədi demokratiya deyil, hegemonluqdur.

Həmçinin Misir, Səudiyyə Ərəbistanı və İsrail kimi Yaxın Şərq medialarında Amerikanın demokratiya tərzinin regionda və bütün dünyada insan tələfatına və təxribata səbəb olduğunu qeyd ediblər.

Kuba xarici işlər naziri Bruno Rodriqez isə  Birləşmiş Ştatlarda “Demokratiya Sammit”in keçirilməsi üçün “beynəlxalq nüfuz”un yetərli olmadığını bildirib. Kubalı nazir öz “Twitter” hesabında əlavə edib ki, ABŞ-ın təşkil etdiyi “Demokratiya Sammiti” Birləşmiş Millətlər Təşkilatına qarşı nifrət hissi olduğunu nümayiş etdirir”.

“Bu antidemokratik davranış digər xalqların qanuni və suveren iradəsinə açıq nifrət ortaya qoyan, əvvəlcədən müəyyən edilmiş reseptləri tətbiq etmək üçün riyakar bir cəhddir”.

“Demokratiya sammiti” ilə bağlı dünyanın aparıcı ekspertləri də fikirlərini bildiriblər.

Çin xəbər saytı “Global Times”ın şərhçisi Yi Fan yazıb ki, iştirakçıların dünya xəritəsində yerləşdirilməsinə nəzər saldıqda Pekin və Moskvanın güclü reaksiyaları haqqında daha aydın fikir əldə etmək olar. Məsələn, baxmayaraq ki, bütün dünya birliyi, o cümlədən ABŞ Tayvanı Çinin bir hissəsi hesab edir, qondarma rejimin nümayəndə heyətinin zirvə görüşünə dəvət edilməsi Çin tərəfindən böyük narazılıq yaradıb.

Müəllif əlavə edib ki, sammit “Çinin və Rusiyanın davam edən təcavüzünün artmasına müqavimət göstərmək üçün” geniş miqyaslı geosiyasi məqsədlər güdür. Bir sözlə, sammit böyük dövlətlər arasında sabit əməkdaşlıq münasibətləri üçün atmosferi zəhərləyir və kiçik ölkələri çətin vəziyyətə salır.

ABŞ “New York Times” qəzetinin Vaşington bürosu üzrə müxbirləri Maykl Krouli və Zolan Kanno-Yanqs tərəfindən dərc olunmuş məqalədə iddia olunur ki, cənab Bayden, xarici ölkələrin müstəqil media dəstəyi, korrupsiyaya qarşı mübarizə, aktivistlərə kömək, texnologiyaların inkişafı və ədalətli seçkilərin qorunması üçün təxminən 424 milyon dollar sərf etmək üçün Konqreslə əməkdaşlıq etməyi planlaşdırdığını açıqlayıb.

Müəlliflərə əsasən, hətta ABŞ-nın rəsmiləri etiraf edirlər ki, Amerikada digər problemlər arasında siyasi qütbləşmə, irqi ədalətsizlik, səsvermə hüquqlarının məhdudlaşdırılması və daxili ekstremizm altında gərginləşir. Bəzi fəallar isə cənab Baydeni diqqətini xaricə çevirməzdən əvvəl onu daxili problemlərə daha çox diqqət ayırmağa çağırıblar. Məsələn Atlantadakı qeyri-kommersiya qrupunun, “Black Voters Matter Fund” həmtəsisçisi və icraçı direktoru Klif Olbrayt etiraf edib ki, “eviniz yanarkən qlobal yanğınsöndürən ola bilməzsiniz”.

Məşhur amerikalı politoloq Yan Bremmer öz “Facebook” səhifəsində sosial sorğu paylaşıb.

Əsasən inkişaf etmiş ölkələrdə aparılan araşdırma ABŞ-ın nümunəvi bir demokratiya olması ilə bağlı insanların fikirlərini dəyərləndirir. Sorğunun nəticələri insanların Amerikanın demokratiya modelinə nə qədər inanmadığını göstərir. Belə ki, sorğuda iştirak edənlərin İtaliyada 32 %, Yunanıstanda 26 %, İspaniyada 22 %, Tayvanda 22 %, Böyük Britaniyada 20 %, Fransada 18 %, Belçikada 17 %, İsveçdə 16 %, Cənubi Koreyada 16 %, Yaponiyada 14 %, Kanadada 14 %, Almaniyada 14 %, Avstraliyada 11 %, Yeni Zelandiyada 8 %, ABŞ-ın özündə isə cəmi 19 %-i bu ölkənin demokratiyasına müsbət baxırlar.

Türkiyə “Anadolu Ajansı” xəbər agentliyinin beynəlxalq təhlükəsizlik və hərbi innovasiyalar üzrə eksperti Bəkir İlhan isə qeyd edib ki, Co Bayden administrasiyasının dekabrda keçiriləcək “Demokratiya sammiti”nə dəvət etdiyi 110 ölkənin üçdə biri “Freedom House” təşkilatı tərəfindən müəyyən edilmiş demokratik meyarlarda zəif nəticə göstərib.

Sammitin təşkilatçılarının əsl məqsədi Vaşinqtonun maraqlarına cavab verən ümumi demokratiya baxışını formalaşdırmaqdır. Dekabrın 9-10-da keçirilən sammitdə elan edilmiş məqsədlərə çatmaq üçün sammit iştirakçılarına müəyyən islahatlar aparmağa çağırışlar edilib. Bundan başqa, xəbərdə deyilir ki, Ağ Evin bu təşəbbüsü “Beynəlxalq Demokratik Birliy”in yaradılması istiqamətində ilk addım ola bilər. Bu birliyin əsl məqsədi ABŞ-ın əleyhdarlarına, özəlliklə də Rusiya və Çinə təzyiq göstərmək olacaq. Müəllif vurğulayır ki, Amerika cəmiyyətini birləşdirmək və milli təhlükəsizliyə təhdidlərlə mübarizə aparmaq üçün ABŞ Avropa, ya da Asiyada “özəlliklə təhlükəli düşmən” obrazı yaratmağa çalışır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın