ABŞ Prezidenti Cozef Bayden (Joseph Biden) Ukraynaya lend-liz çərçivəsində silah tədarükü haqqında qanunu imzalayıb.

YALAN.info bildirir ki, bununla bağlı Ağ Ev Administrasiyasının sözçüsü Angela Peres məlumat verib.

Bildirək ki, “Lend-Lease” (borc, ya da icarəyə vermək) dövlətlərin İkinci Dünya Müharibəsi zamanı müttəfiqlərini sursat, avadanlıq, yanacaq, ərzaq və başqa yardımlarla təmin etdiyi bir proqramdır. Qanun 1941-ci ilin martında qəbul edildi və 1945-ci ilin sentyabrında başa çatdı. Onun təsdiqi münaqişədə dönüş nöqtəsi sayılırdı, çünki bu, silahların prosessual maneələr olmadan ötürülməsinə imkan verirdi. Bununla da toplam məbləği 50 milyard dollardan çox olan materiallar ABŞ-ın müttəfiqlərinə köçürülüb.

Qanun layihəsi daha öncə ABŞ Konqresinin hər iki palatası tərəfindən təsdiq edilib.

Layihə Cozef Baydenin Ukraynaya müdafiə aktivlərini icarəyə vermək, ya da ötürmək, eləcə də başqa məqsədlər üçün səlahiyyətlərini genişləndirəcək. Həmçinin aktın qəbulundan sonra Bayden 60 gün ərzində məhsulların tədarükü üçün sürətləndirilmiş prosedurlar yaratmalıdır. Sənəd ABŞ-dan Ukraynaya silah, nəqliyyat, ərzaq və yardımın çatdırılmasının önəmli dərəcədə sürətləndirilməsini nəzərdə tutur.

“Mən Ukrayna hökumətini və Ukrayna xalqını Putinin amansız müharibəsinə qarşı öz ölkəsini və demokratiyasını müdafiə etmək üçün apardıqları mübarizədə dəstəkləmək səylərimizdə daha bir önəmli aləti təmin edən qanun layihəsini imzalayıram. Mən konqres üzvlərinə qanunun qəbul edilməsinə və onu dəstəkləyən hər kəsə təşəkkür etmək istəyirəm. Qanun layihəsi göstərir ki, Ukraynaya dəstək indiki anda çox önəmlidir”, – Bayden deyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın