Ermənistanın silahlı qüvvələri Şanlı Azərbaycan Ordusunun Qarabağda uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verir. Ermənistan artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməlləri törədir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirri ki, bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, 28 noyabr saat 15:20-də Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

İndi prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin birgə məlumatı

“Uzun illər vətən həsrətində qalmış vətəndaşların işğaldan azad edilmiş torpaqlarımıza səfər etməyə can atmaları başadüşüləndir.

Ancaq bir sıra vətəndaşlar öncədən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin ərazilərə səfər edirlər.

Noyabrın 28-də vətəndaşlar Ş.Hacıyev, F.Hacıyev, Z.Adilzadə və Z.Hüseynov “Toyota Land Cruizer” markalı 90-BL-558 dövlət nömrə nişanlı avtomobillə Fizuli rayonunun Qorqan və Aşağıseyidəhmədli kəndləri arasında minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayaraq hərəkəti davam etdirmiş, nəticədə tank əleyhinə minaya düşərək həlak olmuşlar.

Bir daha əhaliyə xəbərdarlıq edərək təhlükənin mövcudluğunu nəzərə alıb uyğun icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və başqa partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edirik”.

Füzulidə həlak olanlardan biri “Qayıdış” qəzetinin baş redaktoru idi

Bu gün Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində minaya düşərək həlak olanlardan biri – Adilzadə Zibeydə Şakir qızı (Zibeydə Şakir) Füzuli Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Qayıdış” qəzetinin baş redaktorudur.

Hadisə zamanı avtomobildə onunla birgə atası Hacıyev Şakir Məhərrəm oğlu və başqa qohumları da həlak olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın