Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin məlumatında deyilib.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri 06.10.2020-ci il tarixdə saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində önəmli yer tutan Bakı-Tblisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınmışdır.

İndi prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir.

Hikmət Hacıyev: Çarəsiz qalan Ermənistan enerji infrastrukturlarına hücum edir

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Bakı-Tbilisi-Ceyhanı raket atəşinə tutması ilə bağlı fotoları öz “Twitter” hesabında yayımlayıb.

“Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərini kaset bombaları ilə atəşə tutub. Yevlax rayonunda raket boru kəmərinin 10 metrliyinə düşüb. BTC yaxınlığına toplam 300-dən çox kaset bombası atılıb. Kəmərə ziyan dəyməyib. Hadisə yerində ANAMA əməkdaşları işləyir. Çarəsiz qalan Ermənistan enerji infrastrukturlarına hücum edir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın