2020-ci il oktyabrın 28-də saat 13 radələrində erməni silahlı birləşmələrinin Bərdə şəhərinə atdığı kaset bombaları nəticəsində 21 nəfər həlak olmuş, 70-ə yaxın şəxs isə yaralanmışdır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bu gün Ermənistan silahlılarının törətdiyi Bərdə terroru ilə bağlı məlumat yayıb.

2020-ci il sentyabrın 21-dən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir.

Oktyabrın 28-də saat 13 radələrində erməni silahlı birləşmələri Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirmişdir. Nəticədə 21 nəfər həlak olmuş, 70-ə yaxın şəxs isə yaralanmışdır. Bərdə şəhərində yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Bundan başqa, təcavüzkar Erməni silahlı qüvvələri tərəfindən 2020-ci il oktyabrın 27-də saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin ağır artilleriyadan atəşə tutulması nəticəsində xəsarət almış daha bir dinc sakin müalicə olunduğu xəstəxanada aldığı xəsarətlər səbəbindən vəfat etmiş, bununla da 2020-ci il oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayətlər nəticəsində həlak olanların sayı 5-ə çatmışdır.

İndi prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın