Sentyabr ayının 27-dən Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasına qarşı başlanmış təcavüz davam edir. Azərbaycan Ordusu tərəfindən əks tərəfə tutarlı cavablar verilməklə önəmli yaşayış məntəqələri və strateji yüksəkliklər azad edilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev bəyanat yayıb.

Bildirilib ki, qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Araik Arutunyanın tapşırığı əsasında bu gün, 4 oktyabr 2020-ci il tarixində saat 10 radələrində Cenevrə Konvensiyasının tələbləri pozularaq cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhəri raket və top mərmilərindən atəşə tutulub.

Əldə olunan məlumata görə, Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub.

Dəymiş ziyanın məbləği hadisə yerində fəaliyyət göstərən Baş Prokurorluğun əməliyyat-istintaq qrupu tərəfindən baxış keçirilməklə və digər zəruri istintaq hərəkətləri yerinə yetirməklə dəqiqləşdirilir.

Baş Prokuror vurğulayıb ki, ilkin araşdırma ilə qeyd olunan fakt üzrə qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Araik Arutunyan tərəfindən Cenevrə Konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb:

“Buna görə də tərəfimdən Araik Arutunyanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Bəyan edirəm ki, “Dağlıq Qarabağ Respublikasının prezidenti” Araik Arutunyan və həmin qanunsuz qurumun digər hərbi-siyasi rəhbərlərinin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətləri törətmələri ilə bağlı cinayət məsuliyyətinə cəlb olunması üçün zəruri tədbirlər görülməkdədir. Bununla bağlı bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcək.

Tərəfimdən bir daha bəyan edirəm ki, təxribat xarakter daşıyan cinayət əməllərinin, döyüş bölgəsinə aid olmayan yaşayış məntəqələrinin, şəhərlərin, o cümlədən mülki infrastruktur obyektlərinin Ermənistan tərəfindən atəşə tutulması dərhal dayandırılmalıdır”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın