Futbol üzrə Azərbaycan Çempionatı – Peşəkar Futbol Liqasının (PFL) Topaz Premyer Liqasının XIII Turunda iki lider komanda arasında görüş baş tutdu: 1-ci yeri bölüşdürən Qarabağ FK və Qəbələ FK turun son oyununda güclərini sınadı.

Premyer Liqanın Turnir Cədvəlində lideri müəyyənləşdirən oyunun ilk yarısında qapılara qol vurulmayıb. Azarkeşlər ikinci yarıda qol sevincini yaşayıb. “Qırmızı-qaralar”ın heyətində Filip Ozobiç qapıçı İbrahim Şehiçi də keçərək gözəl qolla hesabı açıb. Sonrakı qol oyunun 87-ci dəqiqəsində vurulub. Bu dəfə isə fərqlənən tərəf meydan sahibləri olublar.

Qəbələ FK-nun müdafiəçisinin əllə oynaması baş hakim Rəhim Həsənovun penalti qərarı verməsinə səbəb olub. Topa yaxınlaşan Riçard Almeyda hesabı bərabərləşdirib: 1-1.

Oyunun əsas vaxtına artırılmış dəqiqələrdə Filip Ozobiç topu rəqibdən alaraq hücuma keçib. Qarabağın futbolçusu Riçard Almeyda isə bunun qarşısını rəqib futbolçunu tutmaqla alıb. Baş hakim braziliyalının bu hərəkətini sarı vərəqə ilə qiymətləndirib. Riçard ikinci “sarı”nı və arxasınca qırmızı vərəqə alaraq meydandan qovulub.

Bundan sonra Qarabağın heyətində Dino Ndlovu Ozobiçə öz etirazını bildirib. Hadisə yerinə gələn Cavid Hüseynov Ndlovuya öz etirazını bildirib və tərəflər arasında insidenti yaşanıb.

Oyunun son dəqiqələrində Dino Ndlovu qarabağlıların ikinci qolunu vuraraq komandasına qələbə qazandırıb. Qarabağın ikinci qolundan sonra hadisə daha da böyüyüb. Futbolçular bir-biriləri ilə münaqişə edib və “Qəbələ” tərəfi referiyə kəskin etirazını bildirib.

Oyun Qarabağ Futbol Klubunun 2-1 hesablı qələbəsi ilə başa çatıb.


Topaz Premyer Liqası, XIII tur, Qarabağ FK 2-1 Qəbələ FK (Geniş icmal)

İndi Qarabağ FK 31 xalla birinci yerə yüksəlib. Qəbələ FK isə 28 xalla ikincidir.

Oyundan sonra qonaq komandanın paltardəyişmə otağında mübahisə düşüb. Reportun məlumatına görə, oyunu Azərsun Arena-dan izləyən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev də paltardəyişmə otağına yollanıb. “Qəbələ”nin futbolçusu Cavid Hüseynov PFL prezidentinə baş hakim Rəhim Həsənovun qərarları ilə bağlı iradlarını bildirib.

Qurban Qurbanov: “Qarabağın futbolçusu etik olmayan jest edibsə, cəzalanacaq”

Qarabağ Furbol Klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIII turunda “Qəbələ” ilə ev oyunundan sonra keçirilmiş mətbuat konfransında baş vermiş insidentdən danışıb: “Çox önəmli oyun idi. Hesabda geridə qalmağımıza baxmayaraq uda bildik. Futbolçularımı təbrik edir, Qəbələyə uğurlar arzu edirəm. Bu komanda və onun baş məşqçisi ilə münasibətimiz həmişə yaxşı olub.

Özüm birbaşa insident olan yerə getdim. Şahruddin səhvə yol veribsə, cəza alacaq. Ola bilər ki, sevindiyindən əl hərəkəti etsin. Amma qeyri-etik jest edibsə, cəzalanacaq. Komandamda belə bir şey ola bilməz. Ancaq açığı ondan bu addımı gözləmərəm. Penalti epizoduna gəlincə, bir dəfə olub ki, olmaya-olmaya penalti verilib və topu kənara vurmuşuq. Bu epizodda isə dəqiq görmək çətindir”.

O, hakim idarəçiliyindən danışıb:

“Hakimliklə bağlı danışmıram. Ümumiyyətlə onların işinə qiymət vermirəm. Ağır oyunları yönəltmək o qədər də asan deyil. Konkret epizod olsa, cavab verə bilərəm. Ancaq ümumi epizodlara gəldikdə, qiymət vermək istəmərəm. Son dəqiqələrdə rəqib cərimə zərbəsi yerinə yetirəndə istəyirdim oyun bitsin. Çünki 10 nəfərlə qalmışdıq. Bizi əks-hücumda tuta bilərdilər. Həmin anda fikirlər fərqli olur. Qoldan sonra hər kəs meydanda idi. Bu səbəbdən Riçardla Ndlovunun birgə sevinməsinə nəsə deyə bilmərəm. Buraxdığımız qola gəlincə, bu cür epizodlar olur. Daha diqqətli olmaq gərəkdir. Ümumi baxsaq, həm Elvinin, həm də Şehiçin səhvə yol verdiyini demək olar. Amma konkret kiminsə üstünə getsək, düzgün olmaz. İlk yarı düşündüyümüz kimi alındı. İkinci yarının başlanğıcında isə tempi bir az saxlaya bilmədik. Qarşılıqlı oyun getdi və səhvdən qol buraxdıq. Ancaq ümumi hər bir futbolçumdan razı qaldım”.

Qriqorçuk: “Necə olur ki, top futbolçunun üzünə dəyir və penalti qərarı verilir?”

“İki komandanın ifasında gözəl və keyfiyyətli oyun gördük. Oyunun əvvəlində də, sonunda da səhvlər oldu. Bu səbəbdən qapımızda qol gördük”. Reportun məlumatına görə, bunu Qəbələnin baş məşqçisi Roman Qriqorçuk deyib. Ukraynalı mütəxəssis Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə “Qarabağ”la keçirilmiş oyundan sonra baş hakim Rəhim Həsənovun idarəçiliyindən narazılığını bildirib:

“Hakimlərlə bağlı dəfələrlə danışmışam. AZAL ilə oyundakı epizodları gördüm. Bu davam edir. Baş verənləri bir sırada adlandıra bilərik. Rəhbərliyə də demişəm ki, komandanı müdafiə etməliyik. Ancaq səmimi deyirəm, evə getmək istəmirəm. Ancaq komandanın bugünkü psixoloji durumunda yanında olmalıyam. Açığı burada olmaq istəmirəm. Dediyim sözlər Qarabağla bağlı deyil. Yüksək səviyyəli komandadır və yüksək səviyyəli baş məşqçiləri var”.

Baş məşqçi meydançada baş verən insidentdən danışıb:

“Təkrar edirəm, mən evə getmək istəyirəm. Ancaq indiki vəziyyətdə komandanın yanında olmalıyam. Nəyin baş verməsindən asılı olmayaraq, futbolçularıma sevgim hədsizdir. Fikrimcə Azərbaycan hakimləri hakimliyi yaxşı bacarır. Amma necə olur ki, top futbolçunun üzünə dəyir və penalti qərarı verilir. Üstəlik AZAL ilə oyunda futbolçum yıxılır, təpik dəyir və bütün hakimlər baxır. İnsident zamanı istədim ki, komandam münaqişədə iştirak etməsin. Onları bundan uzaq saxlamaq istədim”.

Topaz Premyer Liqasının XIII Turundakı Digər Oyunları


Topaz Premyer Liqası, XIII tur, “Zirə” 1-1 “İnter” (Geniş icmal)


Topaz Premyer Liqası, XIII tur, AZAL 1-1 “Sumqayıt” (Geniş icmal)


Topaz Premyer Liqası, XIII tur, “Kəpəz” 2-0 “Neftçi” (Geniş icmal)

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın