Müdafiə Nazirliyi müddətdən yeni xəbər var: Nazirlik artıq həqiqi hərbi qulluq etmək istəyənlərə müraciət edib. Azərbaycan Respublikası MN-dən verilən məlumata görə, vətəndaşlardan daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi qulluğa qəbulla bağlı müəyyən olunmuş qaydalar təqdim edilib.

Müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan hərbi vəzifəlilər hərbi xidmət keçmək istədikləri hərbi hissələrin komandanlığına və ya Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə (SQ TTM) müraciət edə bilərlər.
Silahlı Qüvvələrin ehtiyacları nəzərə alınmaqla hərbi vəzifəlilər yalnız müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kurslarına qəbul edilirlər.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci və 36.1.1-ci maddələrinə uyğun olaraq, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsili qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar könüllü daxil ola bilər.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu hər ilin yanvar, aprel, iyul və oktyabr aylarında mərkəzləşdirilmiş şəkildə SQ TTM-də keçirilir.

Müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunu bildirmiş şəxs (şəxslər) xidmət keçmək istədiyi hərbi hissənin komandanlığına ərizə ilə müraciət etməlidir. Namizəd tərtib edilmiş sənədlərlə (şəxsi işi ilə) birlikdə yuxarı qərargahlarda yaradılmış peşə-psixoloji seçim komissiyasına təqdim olunur. Namizədin fiziki hazırlığı, ümumi bilik səviyyəsi, məntiqi mühakimə, qərar qəbuletmə, düşünmə qabiliyyəti, peşə maraqları, ixtisas hazırlığı, ünsüyyət yaratmaq bacarığı, fərdi-psixoloji və digər keyfiyyətləri öyrənilir. Komissiya tərəfindən peşəkar yararlılığı müsbət qiymətləndirilən namizədin adı namizədlər siyahısına daxil edilir və növbəti qəbul zamanı o, kursa göndərilir.
Kursa təqdim olunan namizəd Müdafiə Nazirliyinin Hərbi Həkim komissiyasında tibbi müayinədən keçərək onun xidmətə yararlılıq dərəcəsi müəyyən edilir. Yararlı hesab edilən namizədlər SQ TTM-də təşkil olunan qəbul imtahanlarında iştirak edir. İmtahanları müvəffəqiyyətlə vermiş namizədlər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna (4-8 həftəlik) qəbul edilirlər. Kursu uğurla başa vuran namizədlər müddətdən artıq həqiqi hərbi qulluğa qəbul edilirlər və ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün təqdim olunan sənədlərin siyahısı:

  • komanda üzrə raport (ərizə)
  • tərcümeyi-hal (1 nüsxə əllə və 2 nüsxə kompyuter ilə yazılmış)
  • təhsil haqqında sənədin surəti (notarial qaydada təsdiq olunmuş) – 2 ədəd
  • doğum haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq olunmuş) – 2 ədəd
  • nigah haqqında şəhadətnamənin surəti (evlidirsə) (notarial qaydada təsdiq olunmuş) – 2 ədəd
  • uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaqları varsa) (notarial qaydada təsdiq olunmuş) – 2 ədəd
  • xidmət (iş və ya təhsil) yerindən xidməti xasiyyətnamə (işləyirsə)
  • yaşayış yerindən və ailə tərkibi haqqında arayış – 2 ədəd
  • 2 ədəd fotoşəkil (başıaçıq, anfas) 3×4 sm. ölçüdə və 2 ədəd 9×12 sm. ölçüdə
  • məhkumluğun olub olmaması barədə “ASAN xidmət” Mərkəzləri tərəfindən verilmiş arayış
  • ehtiyatda olan əsgər və çavuşlar üçün hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) – 2 ədəd
  • şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada təsdiq olunmuş) – 2 ədəd
  • sağlamlıq haqqında arayış (forma 7) (yalnız Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından verilmiş)

Qeyd: Məhkumluğu olan, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən müddətdən artıq həqiqi hərbi qullağa qəbul üçün müraciət etməmələri xahiş olunur.

Əlaqə üçün telefon nömrələri:
(012) 538-85-62
(012) 538-54-83
(012) 539-55-19

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın