Xəbər verdiyimiz kimi, Ukrayna ordusu Kiyev vilayətinin ərazisini tamamilə Rusiya hərbçilərindən azad ediblər. Ukrayna Silahlı Qüvvələri İrpin, Buça, Qostomel və başqa yaşayış məntəqələrini nəzarətə götürüb. Azad edilmiş ərazilərdə çox sayda ukraynalı mülki şəxslərin meyitləri aşkarlanıb.
YALAN.info bildirir ki, təkcə Kiyev vilayətinin Buça şəhərində yüzlərlə adam qətlə yetirilib.
UNIAN-ın məlumatına görə, artıq Buça şəhərində qətliam törətmiş 64-cü motoatıcı briqadanın rusiyalı hərbçilərinin siyahısı hazırlanıb. Bununla bağlı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Bildirilib ki, onlar mülki əhaliyə qarşı cinayətlərə görə cavab verəcəklər.






Bayden: “Buçada baş verənlər hərbi cinayətdir”
ABŞ prezidenti Co Bayden Kiyev yaxınlığındakı Buça şəhərində dinc sakinlər arasında çoxsaylı itkilərlə bağlı xəbərlər fonunda Rusiyaya qarşı sanksiyaları sərtləşdiriləcəyini bildirib.
“Buçada baş verənlər dəhşətlidir və hamı bunu gördü. Mən hesab edirəm ki, bu, hərbi cinayətdir. Mən Rusiyaya qarşı yeni sanksiyaların qəbul edilməsinə çalışacağam”, – deyə o, jurnalistlərə bildirib.
ABŞ prezidenti Vladimir Putinin müharibə cinayətləri üzrə mühakimə olunması üçün beynəlxalq ictimaiyyətə çağırış edəcəyini diqqətə çatdırıb.
Boris Conson: “Putin çarəsiz vəziyyətdədir”
Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya Ordusunun Ukraynanın Buça və İrpen şəhərlərində mülki əhaliyə hücumlarını sərt tənqid edib.
O qeyd edib ki, Rusiyanın İrpen və Buçada dinc sakinlərə namərdcəsinə hücumları Rusiya Ordusunun və onun rəhbərliyinin Ukraynada müharibə cinayətləri törətdiyinin daha bir sübutudur.
“Kremlin heç bir təkzibi, ya da dezinformasiyası hamımızın bildiyi həqiqəti gizlədə bilməz: Putin çarəsiz vəziyyətdədir. Onun işğalı uğursuz oldu və Ukraynanın qətiyyəti heç vaxt bu qədər güclü olmamışdı”, – Boris Conson vurğulayıb.