Müdafiə nazirinin müavinləri – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev yeni tikilərək Azərbaycan Ordusu şəxsi heyətinin istifadəsinə verilən infrastruktura baxış keçirib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, müasir tələblər nəzərə alınmaqla tikilən infrastrukturda şəxsi heyətin bütün zəruri ehtiyacları tam qarşılanıb. Burada düşərgə binası, yataqxana, hamam-sanitar qovşağı, ehtiyat qidaların saxlanması üçün ərzaq anbarı, əşya anbarı, qazanxana, ideoloji sinif, xidməti, məişət və silah otaqları var. Şəxsi heyətin qidalanması üçün nəzərdə tutulan yeməkxana binası müasir standartlara cavab verən məişət texnikası və inventarla təchiz edilib.

Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Bundan başqa, hərbi qulluqçuların asudə vaxtlarının səmərəli keçirməsi üçün idman şəhərciyi salınıb. Ərazidə abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilib. Nazir müavinləri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı uyğun göstərişlər verib.

Sonra general-leytenant N.Osmanov və general-leytenant Ə.Əfəndiyev şəxsi heyətlə görüşərək onların qayğıları ilə maraqlanıb, hərbi qulluqçuları qarşıdan gələn Ramazan bayramı münasibətilə general-polkovnik Zakir Həsənovun adından təbrik edərək xidmətlərində uğurlar arzulayıb.

Hərbi qulluqçular yaradılan yüksək şəraitə, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda müdafiə nazirinin aidiyyəti üzrə uyğun tapşırıqları şəxsi heyətə çatdırılıb. Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Müdafiə Nazirliyindən bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, həmçinin döyüş hazırlığının yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Azad edilən ərazilərdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın