Bu gün “Cənub Qaz Dəhlizi” QSC və Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) arasında TANAP layihəsinin dəstəklənməsi üçün kredit ayrılmasıyla bağlı anlaşma imzalanıb, YALAN.info Online Xəbərlər və İnformasiya Saytı APA-ya qaynaqlanaraq xəbər verir.

500 mln. dollar məbləğində olan kredit anlaşmasını QSC-nin baş direktoru Əfqan İsayev və EBRD-nin enerji və təbii sərvətlər bölməsinin Rusiya, Qafqaz, Mərkəzi Asiya üzrə direktoru Aida Sitdikova, kredit anlaşmasıyla bağlı zəmanət sazişi isə Azərbaycan hökuməti adından maliyyə naziri Samir Şərifov və A. Sitdikov arasında imzalanıb.

Bundan öncə, 18 oktyabr 2017-ci il tarixində “Cənub Qaz Dəhlizi” QSC TANAP-ın maliyyələşdirilməsi üçün dövlət zəmanəti əsasında 18 il müddətinə 500 mln. dollar məbləğində kreditin ayrılmasına dair EBRD-nin Direktorlar Şurası müsbət qərar qəbul edib.

S. Şərifov imzalanma mərasimində bildirib ki, Azərbaycanın liderliyi və təşəbbüskarlığı ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsinə EBRD, Asiya İnfrastruktur İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən verilən dəstək bu qlobal enerji layihəsinə inam və etibarın bariz nümunəsidir. Nazir prezident İlham Əliyevin “Cənub Qaz Dəhlizi”ni enerji təhlükəsizliyi layihəsi adlandırdığını xatırladaraq bu layihənin təkcə Azərbaycan üçün deyil, Avropa və regionun enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıdığını vurğulayıb.

Ə. İsayev “Cənub Qaz Dəhlizi” layihəsinin Azərbaycan qazının qlobal enerji bazarlarına çıxışına xidmət edəcəyini və milli iqtisadiyyatın inkişafına öz önəmli qatqısını verəcəyini bildirərək, bu yöndə görülmüş işlərlə bağlı bilgilər verib: “QSC tərəfindən Cənub Qaz Dəhlizi layihəsi üzrə (indiki “Şahdəniz-1” və “Cənubi Qafqaz Boru Kəməri” layihələri daxil olmaqla) 2020-ci ilə kimi (daxil olmaqla) ümumi tələb olunan haradasa 11,8 mlrd. dollar məbləğində vəsaitdən indiyədək 7,8 mlrd. dollar hissəsi, yəni təqribən 66%-i icra edilib. Bundan bu ilin başlanğıcındən bu günədək 1,9 mlrd. dollar məbləğində investisiya qoyulub. Layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatıyla bağlı) 96%-i, “Cənubi Qafqaz Boru Kəməri”nin genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin 98%-i yerinə yetirilib, TANAP-ın inşası üzrə işlərin 82%-i, TAP kəmərinin inşası üzrə isə işlərin 53%-i icra edilib. İnşaat işləri uğurla davam etdirilir”.

A. Sitdikova isə EBRD və Azərbaycan arasında olan əməkdaşlığı yüksək dəyərləndirərək önəmli tərəfdaş kimi Azərbaycanla bundan sonra da əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.

“Cənub Qaz Dəhlizi” QSC Azərbaycan prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair başqa layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 saylı sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın