Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos arasında “Mədəniyyət naminə sülh” (“Peace4Culture”) qlobal çağırışının mütəşəkkil fəaliyyət planının imzalanma mərasimi keçirilib.

YALAN.info bildirir ki, “Report”un yerli bürosunun verdiyi xəbərə görə, BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında baş tutan mərasimdə Azərbaycanın, Albaniyanın, Ermənistanın, ABŞ-ın, İspaniyanın, Pakistanın və b. üzv dövlətlərin BMT-dəki daimi nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən A.Kərimov bildirib ki, ötən il Azərbaycanın təşəbbüskarlığıyla başlayan “Mədəniyyət naminə sülh” layihəsinin fəaliyyət planı artıq hazırdır. “Dayanıqlı inkişafa olan töhfələrimiz dayanıqlı sülhdən keçir”, – deyən nazir əlavə edib ki, “Mədəniyyət naminə sülh” layihəsində əsas məqsəd post münaqişə dövrlərində mədəniyyətin qorunması, dirçəldilməsi və mədəni irsin bərpa edilməsi üçün davamlı sülhün təmin edilməsidir: “Mədəniyyətlərarası dialoqun gücləndirilməsi davamlı sülh və sabitliyin inkişafı üçün əlverişli vasitə rolunu oynayır. Azərbaycan tarixin bütün dövrlərdə çoxsaylı millətlərin mədəniyyətlərinə ev sahibliyi edib, onların bərabər sülh içində təkmilləşməsinə təkan verib. Bu gün reallaşan və sülhə xidmət edən layihə bizim ənənəvi fəaliyyətimizin tərkib hissəsidir”.

Azərbaycanın hər zaman beynəlxalq arenalarda sülhün təbliğinə xidmət etdiyini deyən nazir layihəni dəstəkləyən bütün üzv dövlətlərə təşəkkür edib: “Hesab edirəm ki, dünyamız üçün vacib olan mədəniyyət naminə sülh təşəbbüsümüzün BMT-yə üzv olan bütün ölkələrə öz töhfəsini verəcək. Layihəmiz BMT-yə üzv olan dövlətlər tərəfindən dəstəklənməsi bizi sevindirir və əminik ki, bundan sonra da layihə beynəlxalq maraqlı tərəflərin dəstəyini qazanacaq və mədəni sülhün təmin olunmasında və dialoqun qurulmasında dünyamıza öz töhfələrini verəcəklər. Biz mədəniyyət naminə sülhə inanırıq və sülh quruculuğu prosesində bu təşəbbüsümüzün vacib elementləri olan mədəniyyətlərin qorunması, bərpası və davamlı sülhün bərpa konsepsiyasına təkan verəcəyinə şübhəmiz yoxdur”, – nazir əlavə edib.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi “Mədəniyyət naminə sülh” təşəbbüsünə görə Azərbaycana təşəkkür edib. Layihəyə dəstək verən BMT-yə üzv olan dövlətlərin daimi nümayəndələri də çıxışlarında, dünyada sülhü, barışı təbliğ edən Azərbaycana dəstəklərini ifadə ediblər.

Anar Kərimov: “BMT üzvü olan bir çox ölkələr Azərbaycana açıq dəstəklərini ifadə etdilər”

“Bugünkü görüşdə BMT-yə üzv olan bir çox ölkələr Azərbaycanın “Mədəniyyət naminə sülh” (“Peace4culture”) layihəsinə açıq şəkildə dəstəklərini ifadə etdilər və bu layihənin indiki zamanda nə qədər önəmli olduğunu dilə gətirdilər”, – deyə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov “Report”un yerli bürosuna müsahibə verib.

Nazir bildirib ki, təşəbbüsün BMT-yə üzv dövlətlər tərəfindən dəstəklənməsi böyük uğurdur: “Bu gün BMT-də Azərbaycan adına əhəmiyyətli bir görüş reallaşdı. Məlumdur ki, Azərbaycan 2021-ci ildə “Mədəniyyət naminə sülh” təşəbbüsü elan edib və təşəbbüsümüzə BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) və İslam Ölkələri Elm, Təhsil, Mədəniyyət təşkilatı (ISESKO) tərəfdaş olub.

Bu gün təşəbbüsün həyata keçirilməsi üçün fəaliyyət planını imzaladıq. Biz təşəbbüs barəsində fikir və düşüncələrimizi, fəaliyyət planımızı BMT ailəsinə, təşkilata üzv olan dövlətlərə təqdim etdik. Hesab edirəm ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan lahiyə dünya üçün olduqca faydalıdır. Bu, cənab Prezident İlham Əliyevin təşəbbüsüdür və biz çox sevinirik ki, belə təşəbbüslər beynəlxalq aləmdə yüksək qiymətləndirilir”.

Nazir qeyd edib ki, layihənin beş illik fəaliyyət planı artıq hazırdır: “Layihədə əsas məqsədimiz post münaqişə dövrlərində mədəniyyətlərin qorunması, dilrəldilməsi və mədəni irsin bərpa edilməsi üçün davamlı sülhün təmin edilməsidir.Təbii ki, bu işdə beynəlxalq ictimayyətin və BMT-nin dəstəyi çox önəmlidir. Bu bizim üçün çox gözəl bir fürsət olacaq ki, Qabağda ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış abidələrimiz haqqında məlumatı geniş ictimaiyyətə çatdıraq və eyni zamanda Azərbaycanın sülhsevər, gələcəyə baxan bir ölkə olduğunu nümayiş etdirək”.

Nazir vurğulayıb ki, “Mədəniyyət naminə sülh” (“Peace4Culture”) təşəbbüsü Qabağda ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış abidələr haqqında məlumatı geniş ictimayyətə çatdırmaq üçün gözəl fürsətdir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın