Azərbaycan Türkiyədə baş verən zəlzələdən dərhal sonra yardım göndərən ilk dövlətlərdən biridir.

YALAN.info bildirir ki, Azərbaycanın Türkiyəyə göndərdiyi 400-dən çox insandan ibarət heyət xaricdən gələn ən çoxsaylı yardım komandadır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransı zamanı deyib: “Hər zaman olduğu kimi, Türkiyəyə çatan ilk yardım heyəti Can Azərbaycandan gəldi”. O, operativ reaksiyaya görə, ölkəmizə təşəkkür edib. Nazirin sözlərinə görə, indi Türkiyəyə 36 ölkədə yardımçı qruplar gəlib.

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) mobil səhra hospitalı qardaş ölkənin Kahramanmaraş şəhərində gəlib çatıb. “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bu gün mobil səhra hospitalının AFAD-ın şəhər ərazisində yerləşən Təhsil Mərkəzində quraşdırılması nəzərdə tutulur. Hospitalda FHN-in 41 nəfərlik heyəti fəaliyyət göstərəcək.

FHN-in xilasediciləri 16 nəfəri dağıntılar altından sağ çıxarıblar

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Fövqəladə Hallar Nazirliyi – Əməliyyat çəkilişi

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycana təşəkkür edib. Bununla bağlı APA-nın Türkiyədə zəlzələ bölgəsinə ezam olunmuş əməkdaşının sualına cavabında deyib. Nazir bildirib ki, Türkiyədə baş vermiş hər bir təbii fəlakətdən sonra qardaş Azərbaycan qardaş Türkiyəyə yardım göstərib: “Başqa ölkələrdən də yardım üçün gələnlər var. Ancaq köməyə ilk gələn Azərbaycan oldu”. Süleyman Soylu meşə yanğınları zamanı da Azərbaycanın göstərdiyi yardımın önəmini vurğulayıb.

Yada salaq ki, fevralın 6-da səhər saatlarında Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində 5 894 nəfər həyatını itirib, 34 810 nəfər yaralanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın