Bu qatarlar Ağdam-Xocalı, Xocavənd, Xankəndi və Ağdərədən köçkün düşən insanların taleyində önəmli rol oynayıb. Bu yük qatarları kiminə ev, kiminə iş yeri olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, yeni Bərdə-Ağdam dəmir yolu çəkildikdən sonra bu yaşlanmış qatarlar sökülüb daşınacaq.

“1993-cü ildə Ermənistan silahlı qüvvələri Ağdamı işğal etdikdən sonra isti yay günündə gedəcək yeri olmayan soydaşlarımız məhz relslərin üzərində dayanan bu yük vaqonlarında məskunlaşmaq məcburiyyətində qaldılar. İllərlə məhz bu vaqonlarda yaşadılar. Yayın isti günlərini, qışın soyuq havasını burada keçirdilər”.

Ağdam sakini Qorxmaz Gülməmmədov deyir ki, o vaqonda dərs deyib:

“Dəmir yol vağzalında vaqonda dərs deyirdim. Qiyaslı uşaq musiqi məktəbində müəllim işləyirdim… Həm də elə vaqonda yaşayırdıq. Bizim gəncliyimiz çox pis vaxta düşdü. Vaqonda elə bir vəziyyətdə yaşayırdıq ki, yayda isti, qışda soyuq. Biz qışda uşağın üzünü əlimizlə qızdırırdıq ki, uşağın üzü soyumasın. O cümlədən də üstünə bir şey sərirdik ki, soyuq vurmasın, üstünə soyuq su dammasın, şeh dammasın”.

Əslən Xocavənd rayonundan olan Qorxmaz Gülməmmədov yük qatarlarında yaşayan soydaşlarımızdan sadəcə biridir. O, Ağdam şəhərindən köçkün düşüb. Köçkün həyatının elə ilk illərindən 2006-cı ilə qədər bu vaqonlarda yaşayıb. Vaqonlarda ailə qurub, buradaca övlad böyüdüb. Onun kimi yüzlərlə gənc ailə məhz elə bu relslərin üzərində yaşam mübarizəsi aparıb:

“Məcburi köçkünlər uzun illər bu yük qatarında yaşadılar. Onlar burda yaşadığı müddətdə özləri üçün şərait qurmaq üçün də çalışdılar. Gördüyünüz bu tikili də burada yaşayan ailənin ya mətbəxi olub, ya da çörək pulundan artırıb aldığı toyuqları saxlamaq üçün bir hin”.

Daha geniş APA TV-nin süjetində:

Azərbaycanın sirli qatarı: Burada minlərlə uşaq doğulub

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın