Azərbaycanın qadınlardan ibarət şahmat komandası Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında bürünc medal qazanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Avropa çempionatının qalibi adını 18 xalla Rusiya komandası qazanıb. Gürcüstan 15 xalla ikinci yerdə qərarlaşıb, 12 xal toplayan Azərbaycanlı xanımlar isə üçüncü yeri tutub.

Doqquzuncu turda Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva rəqibləri üzərində qələbə qazanıblar, Gülnar Məmmədova isə uduzub. Komandamız son turda qazandığı qələbə ilə xalların sayını 12-ə çatdıraraq üçüncü yeri tuta bilib.

Qeyd edək ki, bu, qadın şahmatçılarımızın qitə çempionatında qazandığı üçüncü bürünc medaldır. Belə ki, qadın şahmatçılarımızdan ibarət komandamız 1992-ci ildə ilk dəfə qatıldıqları yarışı bürünc medalla başa vurub. İkinci medala isə komandamız ötən Avropa çempionatında – Batumidə keçirilmiş yarışda sahib olub.

Son tura qədər liderlər qrupunda mübarizə aparan və çempionluğa iddialı olan kişilərdən ibarət komandamız isə doqquzuncu turda Fransa yığmasına məğlub olub. Belə ki, komandamızın üzvlərindən Teymur Rəcəbov, Rauf Məmmədov, Nicat Abasovun qarşılaşmaları heç-heçə ilə başa çatıb, Şəhriyar Məmmədyarov isə Alireza Firuzcaya uduzub. Beləliklə, komandamız 12 xalla 5-ci yerdə qərarlaşıb.

Kişilərdən ibarət komandalar arasında 14 xal toplayan Ukrayna komandası Avropa çempionatının qızıl medalını qazanıb. Onunla eyni xalı yığan Fransa yığması ikinci, 13 xalı olan Polşa isə üçüncü yerdə qərarlaşıb.

Qitə çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edib.

Yada salaq ki, kişilərdən ibarət komandamız analoji yarışlarda toplam 3 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb. Belə ki, şahmatçılarımız Avropa çempionatlarında ilk uğurlarını 2007-ci ildə Yunanıstanda keçirilən turnirdə qazanıblar. Heyətində Teymur Rəcəbov, Vüqar Həşimov, Qədir Hüseynov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədovun yer aldığı komandamız bürünc medal əldə edib.

Serbiyada növbəti Avropa çempionatında isə şahmatçılarımız parlaq qələbəyə imza atıblar. Eyni heyətlə turnirə qatılan yığmamız fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Sonrakı Avropa çempionatlarında – 2011-ci ildə Yunanıstanda gümüş, 2013-cü ildə Polşada, 2017-ci ildə isə Yunanıstanda bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın