Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Britaniyanın nüfuzlu “The Guardian” dərgisinə cavab məktubu ünvanlayıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, “Dağlıq Qarabağ Azərbaycandır” başlıqlı məktubda səfir Tahir Tağızadə bölgədəki son hərbi əməliyyatlara bağlı “The Guardian”da 27 sentyabr tarixində yayımlanan məqaləyə cavab verib.

“27 sentyabr tarixində yayımlanmış “Ermənistan və Azərbaycan arasında mübahisəli bölgə uğrundakı toqquşmalarda azı 16 ölü” başlıqlı məqalənizlə bağlı onu demək istərdim ki, Dağlıq Qarabağ “mübahisəli” bölgə deyil. Bu bölgə Ermənistan tərəfindən Azərbaycanın qonşu yeddi bölgəsi ilə birlikdə beynəlxalq hüququn kobud şəkildə pozularaq işğal edildiyi və etnik təmizləmə aparıldığı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpağıdır. 1993-cü ildə qəbul edilmiş və işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş torpaqlarından dərhal çıxarılmasını tələb edən BMT təhlükəsizlik şurasının dörd qətnaməsi (822, 853, 874, 884) hələ də yerinə yetirilməmiş qalır.

Ermənistan işğal siyasətini gücləndirmək üçün işğal altındakı Azərbaycan torpaqlarında qondarma “Dağlıq Qarabağ Respublikası” (DQR) rejimini qurub. Bu kukla rejimi beynəlxalq ictimaiyyət tərəfindən, habelə Ermənistanın özü tərəfindən də tanınmayıb. Beləliklə, məqalənizdə yazıldığı kimi “Dağlıq Qarabağ hərbi qoşunları” deyə bir şey yoxdur.

Azərbaycan Baş Prokurorluğunun verdiyi məlumata görə, 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə atəş açması nəticəsində bir ailənin beş üzvü həyatını itirib. Ermənistan on illərdir davam etdirdiyi işğalçılıq və təcavüz siyasətinin bilavasitə nəticəsi olaraq hərbi əməliyyatların yenidən başlanmasına görə bütün məsuliyyəti daşıyır”, – deyə səfir Tahir Tağızadə öz məktubunda qeyd edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın