Geridə qoyduğumuz il pandemiyanın gətirdiyi öhdəliklərlə birgə insanların fəaliyyətində yeni reallıqlarla yadda qaldı. Həm əmək bazarı, həm də əmək münasibətlərində yeni tendensiyalar müşahidə olunmağa başladı. 

20 ilə yaxın müddətdə insan resursları və əmək bazarı üzrə mütəxəssisləşən İlham Həsənov Oxu.az-a müsahibəsində 2021-ci il üzrə əmək bazarını dəyərləndirib. Bu dövr ərzində ölkədə ən gəlirli və perspektivli əmək sahələrini sayıb, eləcə də, 2022-ci ildə uyğun bazarda baş verə biləcək yeniliklərdən danışıb.

– 2021-ci il üzrə əmək bazarını necə deyərləndirirsiniz?

– Pandemiyanın əmək bazarına, əsasən də xidmət sektoruna olan mənfi təsiri danılmazdır. Lakin bununla belə pandemiya həmçinin əmək bazarında yeni trendlərin yaranmasında səbəb olub. Belə ki, hazırda distant iş rejimi, antikrizis idarəetmə, internet marketinq, biznesin və dövlət sektorunun rəqəmsal transformasiyası xidmətlərinin sayı artmaqdadır.

– Ötən il ölkədə ən çox əməkhaqqı təklif edilən sahələr hansılar idi və bu sahələrdə aylıq gəlirlər nə qədər idi?

– Ən çox əməkhaqqı təklif olunan sahələr İKT, maliyyə, insan resursları, hüquq, satış, layihə rəhbəri funksiyalarıdır. Aylıq gəlirləri 3000 manatdan çoxdur.   

– İl ərzində qarşılaşdığınız ən yüksək əməkhaqqı nə qədər olub? Vəd edilən əməkhaqqı hansı sektorla bağlı idi?

– İl ərzində rastlaşdığım ən yüksək əməkhaqqı pərakəndə satış, İKT və neft-qaz sektorunda idi. Məbləğ bonusla birlikdə 10000 manatdan çox olub.

– 2020-ci illə müqayisə etsək 2021-ci ildə vakansiyaların sayında artım mövcud idimi?

– 2021-ci il əvvəlki ilə nisbətən nisbi iqtisadi aktivlik ili yadda qaldı. Bu ilk növbədə dünya bazarında neft qiymətlərinin artması, bunun nəticəsində büdcəyə əlavə vəsaitin toplanması və bu vəsaitin də müəyyən qisminin dövlət tərəfindən əsasən tikinti layihələrinə yatırılması ilə əlaqədardır. Tikinti layihələri iqtisadiyyatı stimullaşdırdığından 2021-ci ildə həmin layihələrə xidmət göstərən yeni iş yerləri açılıb.

– Gəlin 2022-ci il ilə bağlı proqnoz verək… Hansı sahələrdə insan kapitalına tələb arta bilər?

– Ənənəvi sahələrdən başqa rəqəmsal texnologiyalar, layihələrin idarə edilməsi, kouçinq xidmətləri, tibbi xidmətlər, onlayn satış və xidmət sahələrində insan kapitalına tələb artacaq. Həmçinin, makroiqtisadi mövqedən baxsaq, ərzaq təhlükəsizliyi ilə əlaqədar kənd təsərrüfatı məhsullarının istehsalı, pandemiya ilə əlaqədar tibb sahəsi və enerji qıtlığı ilə əlaqədar alternativ enerji sahəsinin inkişafı qaçılmazdır, bununla əlaqədar insan kapitalına ehtiyac duyulacaq.

– Necə düşünürsünüz, bu il ərzində hansı peşələrdə əməkhaqqı yüksək olacaq və ya olmaqda davam edəcək?

– İKT, rabitə, istehsal, maliyyə, insan resurslarının idarə edilməsi, satış sahələrində əməkhaqqılar getdikcə yüksək olacaq.

– Demək olarmı ki, işəgötürənlərin “freelancer” işçilərə münasibəti dəyişib?

– Son zamanlar Azərbaycanda “freelancer” işçilərə olan münasibətdə dəyişikliklər hiss olunur, lakin bu hələ ki, kütləvi hal almır, amma əminəm ki, getdikcə bu tendensiya artacaq. Biznes sahibləri və rəhbərlər şirkətin müəyyən texniki və dəstək funksiyalarını outsorsinq etsələr və effektivliyi saxlamaqla xərclərə qənaət istiqamətində düşünsələr, düşünürəm “freelancer”lara tələbat daha çox olacaq.

– Dövlət sektorunda əməkhaqqıları artdı, buna bağlı olaraq özəl sektorlarda əməkhaqqında nə qədər artım hiss oluna bilər və hansı sahələrdə?

– Dövlət sektorunda əməkhaqqıların artması təbii ki, özəl sektora da öz təsirini göstərəcək və ölkəmizdə olan qiymət artımlarını da nəzərə alsaq, düşünürəm bütün özəl sektorda yaxın zamanlarda tədricən də olsa əməkhaqqıları artacaq.

– Son bir il ərzində daha çox hansı işlərlə bağlı vakansiyalar üstünlük təşkil etdi?

– Son bir il ərzində İT, rabitə, onlayn xidmət sahəsində olan vakansiyaların sayı üstünlük təşkil etdi.

– Əmək bazarında hansı yeni tendensiyalar hiss olunur? Bu barədə danışa bilərsiniz?

– Onlayn xidmətlər, layihələrin idarə edilməsi, psixologiya, kouçinq, istehsalat sahələrinə tələbat artır və bu uzun müddət də davam edəcək. Amma dünya səviyyəsində rəqəmsal texnologiyaların, əsasən də, süni intellekt, əşyalar interneti, böyük data, 5G texnologiyasının tətbiqi və inkişafı yaxın 5 il ərzində bizim əmək bazarına da öz təsirini göstərə bilər. Bu sahə üzrə mütəxəssislərin yetişdirilməsi dövlət və şirkətlər səviyyəsində prioritet məsələlərdən biri olmalıdır, sonra artıq gec ola bilər.  

– Bəzi dövlətlərdə artıq 4 günlük iş rejimi tətbiq edilir, bəzilərində isə müzakirə olunur. Sizcə Azərbaycanda əmək bazarı 4 günlük iş rejiminə hazırdır?

– 4 günlük iş rejiminin tətbiqinin təbii ki, müsbət tərəfləri çoxdur. Bu işçiləri daha enerjili və məhsuldar edə bilər, eyni zamanda stres səviyyəsini də kəskin azalda bilər. Bütün bunlar işçinin rifahının yüksəlməsinə səbəb ola bilər. Lakin bunun həmçinin şirkət üçün də effektiv olması üçün ənənəvi sovet idarəetmə üsullarından kənara çıxıb, korporativ və çevik idarəetmə üsullarına və infrastrukturuna keçmək lazımdır. Ümid etmək istərdim ki, Azərbaycanda əksər şirkətlər bu istiqamətdə artıq düşünürlər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın