Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin birgə bəyanatını şərh edib.

XİN-dən YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytına verilən məlumata görə, Avropa Parlamentinin (AP) üzvləri, Avropa Birliyi (AB) və Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin sədri, Marina Kalyurand, AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev və AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovkonun “Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsinə ehtiyacın olması” ilə bağlı birgə bəyanatın verilməsi AP üzvlərinin, ümumiyyətlə bölgədə barış və əminamanlığın beynəlxalq hüququn təməl prinsipləri əsasında təmin olunması mövqeyindən çıxış etmələrinə rəğmən bölgədə olan indiki durumdan hələ də tam məlumatlı olmadıqlarını göstərir:

“İlk növbədə AP üzvlərinin diqqətinə çatdırmaq istərdik ki, AP-nin öz qətnamələrində illərdir ki, beynəlxalq hüquq prinsipləri, həmçinin BMT TŞ qətnamələri üzrə həllinə çağırdığı Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub, Azərbaycan ərazi bütövlüyünü təmin edib və BMT TŞ-nin 1993-cü il tarixli uyğun qətnamələrinin həyata keçirilməsini təkbaşına təmin edib. Başqa sözlə desək, AP üzvlərinin istinad etdiyi və dövlətlərarası münasibətlərin təməlini təşkil edən Helsinki Yekun Aktının sərhədlərin toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyü prinsipləri rəhbər tutulub.

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla bölgədə yeni reallıq yaranıb. AP üzvlərinin sözügedən üçtərəfli bəyanatın bölgədə sabitliyin təmin olunmasına gətirdiyini vurğulaması təqdirəlayiqdir. Çünki indiki addımda bölgədə barış və güvənliyin təmin olunması, habelə tərəflər arasında etimadın qurulması üçün, məhz 10 noyabr tarixli üçtərəfli anlaşmanın yerinə yetirilməsi və bu yöndə uyğun addımların atılması önəmlidir.

Azərbaycan tərəfi, öz növbəsində sözügedən anlaşmanın yerinə yetirilməsi üçün, o cümlədən humanitar məsələlərin həlli sahəsində bütün gərəkli addımları atır. Ancaq Ermənistanın qol çəkdiyi bu bəyanata sadiqliyi sual doğurur. Yaxşı olardı ki, AP üzvləri Ermənistana hərbi əməliyyatların dayandırılması ilə bağlı birgə bəyanata qol çəkdikdən az qala 20 gün sonra nə üçün Azərbaycan torpaqlarına diversant qrupunu göndərdiyi ilə bağlı sual ünvanlayardı. Bəlkə o zaman AP üzvləri haqqında bəhs olunan Ermənistan hərbçilərinin heç də hərbi əsir deyil, atəşkəs elan olunduqdan sonra məqsədyönlü şəkildə Azərbaycan torpaqlarına göndərilmiş terrorçu diversant qrupunun üzvləri olduğunu anlayardı. Ümumiyyətlə, Ermənistanın atəşkəs elan olunduqdan sonra terror aktları törətmək üçün əraziyə hərbi qulluqçılarını göndərməsi, bu ölkənin iştirakçısı olduğu Şərq Tərəfdaşlığının təməl prinsiplərinə və ümumilikdə Avropa dəyərlərinə sayğısızlıq etdiyini açıq şəkildə sərgiləyir.

Mədəni irs məsələsinə gəldikdə isə, AP üzvləri yaxşı bilməlidirlər ki, Azərbaycanın onilliklərdir ki, işğal altında qalan torpaqlarında Ermənistanın apardığı qanunsuz fəaliyyəti nəticəsində bütün tarixi, mədəni və dini irs demək olar ki, məhv edilib. Sözügedən abidələrin dağıdılması, talan edilməsi, mənşəyinin dəyişdirilməsi ilə bağlı hərbi cinayətlərə bərabər fəaliyyət həyata keçirilib.

Bu məsələ Azərbaycan tərəfindən davamlı şəkildə beynəlxalq platformalarda, o cümlədən Avropa Birliyi institutları ilə təmaslarımız zamanı qaldırılsa da AP üzvlərinin bu günədək bu məsələ ilə bağlı bir dənə də olsun bəyanat verməməsi təəssüf doğurur. AP üzvlərinin diqqətinə çatdırmaq istərdik ki, Qarabağdakı bütün abidələr Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusdur. Azərbaycan multikultural ölkədir və ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur. Ölkəmizin zəngin irsinin qorunması bundan sonra da yüksək səviyyədə təmin ediləcək, o cümlədən işğaldan azad olunmuş ərazilərdəki abidələrin bərpası, təmiri və yenidən qurulması işləri həyata keçiriləcəkdir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın