“Azərbaycan Ordusunun genişmiqyaslı əks hücumu nəticəsində işğal altında olan bir neçə yaşayış məntəqəsi işğaldan azad olunub. Bu münasibətlə xalqımızı təbrik edirəm”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının bu gün keçirilən toplantısında deyib.

Prezident bildirib ki, Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Erməni Silahlı Qüvvələrinin canlı qüvvəsinə və texnikasına ciddi ziyan dəyib:

“Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaq. 30 ilə yaxın davam edən ədalətsizliyə, işğala son qoyulacaq. Azərbaycan vətəndaşı illərdir vətən həsrəti ilə yaşayır. Xalqımız artıq öz torpaqlarında yaşamaq istəyir.

Öz dədə-baba torpaqlarından zorla didərgin salınan insanlar öz ata ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, ermənilər xalqımızın dədə-baba yurdunu dağıdıb. İşğal altında olan torpaqlarımızda evlərin, məscidlərin, qəbiristanlıqların vəziyyətinə baxın.

Bütün bunları ermənilər törədib. Biz haqlıyıq, bizim mübarizəmiz haqq mübarizəsidir. Bu gün Azərbaycan vətəndaşı dövlətə tam dəstək göstərir. Vətəndaşlarımız Azərbaycan Ordusunun yanındadır.

30 ildir ki, öz torpaqlarına qayıda bilməyən vətəndaşlarımıza səslənirəm ki, biz əlimizdən gələni edəcəyik ki, siz doğma ata yurdlarınıza qayıdasınız. Tovuz hadisələrində ermənilərə layiqli dərs verildi, lakin onlar bundan nəticə çıxarmadı. Biz bu gün də onlara layiqli dərs verdik və verəcəyik”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın