Futbol üzrə Azərbaycan millisi Maltaya qarşı keçirdiyi 2022-ci ilin ilk oyununu uduzdu.

YALAN.info bildirir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda yoldaşlıq oyununda Malta seçməsi ilə səfərdə üz-üzə gəlib.

Ta Qali şəhərindəki Milli Stadionda olnanılan qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə bitib – 1:0.

Görüşdən öncə meydan sahiblərinin kapitanı Andrey Aciusa yığmada 103-cü və sonuncu oyununu keçirməsi münasibətilə xatirə hədiyyəsi təqdim olunub. Acius 42-ci dəqiqədə əvəzlənərək, yerini komanda yoldaşı Zak Muskata verib.

Qarşılaşma rəqibin üstünlüyü ilə başlayıb. 8-ci dəqiqədə Aciusun zərbəsindən sonra qapıçı Səlahət Ağayev qola mane olub. 36 yaşlı müdafiəçi 25-ci dəqiqədə cərimə zərbəsindən topu qapının üstündən vurub. Maltanın ilk hissədə ən real qol vəziyyəti 45+1-ci dəqiqəyə təsadüf edib. Yurge Deqabrielenin zərbəsindən sonra top dirəyə dəyib.

Azərbaycan yığması ikinci yarıya daha yaxşı başlayıb. 51-ci dəqiqədə Ramil Şeydayevin zərbəsindən sonra müdafiəçiyə dəyən top qapının yanından keçib. Bir dəqiqə sonra isə Aleksey İsayevin başla fərqlənməsinə qapıçı Anri Bonello yol verməyib. 54-cü dəqiqədə Eddi İsrafilovun cərimə meydançasının kənarından endirdiyi zərbə təhlükəli alınsa da, çərçivəyə düşməyib.

Belə bir məqamda maltalı futbolçu Yurge Deqabriele 55-ci dəqiqədə Azərbaycan millisinin iki müdafiəçisi arasından topu dəqiq zərbə ilə tora göndərib. Bununla həm də qonaq komandanın təhlükəli hücumlarına, demək olar ki, son qoyulub.

Əvəzində oyunçu dəyişikliklərinə başlanılıb. 64-cü dəqiqədə Rüstəm Əhmədzadə Emin Mahmudovun, Bədavi Hüseynov Aleksey İsayevin, Dmitri Nazarov isə Abbas Hüseynovun yerinə meydana girib.

67-ci dəqiqədə Lük Montebello Səlahət Ağayevlə təkbətək çıxsa da, top qapının yanından keçib.

76-cı dəqiqədə isə Azərbaycan yığmasının kapitanı Maksim Medvedev zədələnib və görüşə davam edə bilməyib. Onun yerinə meydana Renat Dadaşov daxil olub. Toral Bayramov isə Filip Ozobiçi əvəzləyib. 3 dəqiqə sonra Ramil Şeydayev yerini Amin Seydiyevə verib. 85-ci dəqiqədə Dadaşovun başla zərbəsindən sonra top qapının üstündən keçib.

Beləliklə, sönük və məzmunsuz çıxış edən, nəinki təhlükəli vəziyyət yaratmaqda, hətta ardıcıl ötürmələr verməkdə də çətinlik çəkən Azərbaycan millisi ilin ilk sınağında məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, Azərbaycan millisi martın 29-da eyni arenada Latviya seçməsi ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Canni De Byazi: Belə oyunlar bizim üçün yaxşı dərs olmalıdır

Canni De Byazi
Canni De Byazi

“Belə qarşılaşmalar bizim üçün yaxşı dərs olmalıdır”.

“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Maltaya 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis komandasının çıxışından razı qalmadığını bildirib:

“İstədiyimiz oyunu sərgiləyə bilmədik. Rəqib bizdən yaxşı oynadı və topa nəzarət edən tərəf oldu. İkinci yarının əvvəlində fərqlənə bilərdik, ancaq rəqib bunu bacardı. Çoxlu qollar buraxmağımız məni rahatsız edir. Oyunumuzdan narazı qaldım. Futbolçulardan daha çox şey gözləyirəm. Onlar əllərindən gələni etməlidilər ki, yaxşı nəticələr qazana bilək”.

66 yaşlı baş məşqçi fərdi səhvlərdən də şikayətlənib: “Dünən demişdim ki, taktiki baxımdan dəyişikliklər ola bilər. İndi edə bilməsək, nə vaxt edəcəyik? Çox narazıyam. Hər şey istədiyimiz kimi alınmadı. Bəzi oyunçulardan daha çox şey gözləyirəm. Çoxlu fərdi səhvlərə yol veririk. Bu da məni narahat edir. Malta təxminən bizimlə eyni səviyyədədir. Yaxşı nəticələr qazanmaq üçün daha istəkli olmalıyıq”.

Qapıçı Səlahət Ağayevin çıxışından razılıq ifadə edən De Byazi başqa futbolçulardan qeyri-adi oyun görmədiyini diqqətə çatdırıb.

“Hamımız yaxşı nəticələrə ümid etməliyik. Azarkeşlər də buna ümid etsinlər. Gələcəkdə yaxşı nəticələr qazanmağa çalışacağıq”, – deyə o vurğulayıb.

Malta yığmasının baş məşqçisi Azərbaycanla oyunun hesabından razı qalmayıb

Malta yığmasının baş məşqçisi David Manca evdə Azərbaycan milli komandasına 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra mətbuat konfransına qoşulub: “Çox yaxşı oynadıq və praktik olaraq, bütün görüşü nəzarətdə saxladıq”.

48 yaşlı mütəxəssis hesabı artırmaq imkanlarından yararlana bilmədiklərini söyləyib: “Bəlkə hesabla bağlı nə isə demək olar (gülür). Oyun ərzində fərqi artırmaq üçün fürsətlərimiz oldu. Növbəti oyunlarda belə imkanlardan yararlanmağa çalışacağıq. Ancaq komandamın performansından çox məmnunam və bu, bizim üçün ən önəmli məsələdir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın