Qarabağ FK-nun çalışdırıcısı Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi seçildi. Qərar AFFA İcraiyyə Komitəsinin iclasında verilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib və aparılan danışıqlardan sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.

AFFA-nın Prezidenti Rövnəq Abdullayev: Qurban Qurbanov vətənpərvərdir

Azərbaycan Millisinin baş məşqçisi Qurban Qurbanov və AFFA başçısı Rövnəq Abdullayev
Azərbaycan Millisinin baş məşqçisi Qurban Qurbanov və AFFA başçısı Rövnəq Abdullayev

İclasdan sonra brifinq keçirən AFFA prezidenti Rövnəq Abdullayev yeni çalışdırıcıya uğurlar arzulayıb. O, Qurbanovun Qarabağ Futbol Klubunda və İcraiyyə Komitəsində qalacağını açıqlayıb: “Qurban Qurbanov Qarabağ FK-da qalır, işini davam etdirəcək. Bilirsiniz ki, millinin bazası Qarabağ olacaq. Yığmanın əsas oyunçuları da bu komandadadır. Buna görə də orada qalıb, baş məşqçiliyini davam etdirəcək və Premyer Liqanın da bütün klubları ilə sıx işləyəcək. Düşünürəm ki, bu, işin xeyrinə olacaq. Çox danışıqlar apardıq və İcraiyyə Komitəsində yekdilliklə qərar qəbul edildi ki, o, Qarabağda qalsın”.

AFFA prezidenti Qurban Qurbanovla anlaşmanın şərtlərinə də aydınlıq gətirib: “Biz bunu artıq proqram şəklində həyata keçirəcəyik. Ölkə xaricindən məşqçi gətirəndə tsikl-tsikl müqavilə bağlayırdıq. Bu gün mən sizə açıq deyim ki, bu tsiklimiz ən azı 6 illik olacaq. Avro-2020, DÇ-2022 və Avro-2024-ü əhatə edəcək. Bu, böyük bir hazırlıq prosesidir. Düşünürük ki, sistem qurulmalıdır. Qurban Qurbanovun qarşısında məsələ qoymuşuq ki, Premyer Liqanın bütün oyunçularının hazırlığı AFFA tərəfindən bir sistemlə aparılsın. Guman ki, yaxşı nəticələr olacaq”.

Abdullayev millidə köməkçi məşqçilərin hələ düşünülmədiyini deyib. Qurum başçısı bildirib ki, baş məşqçi yeni seçilib və sonra bununla bağlı bilgilər veriləcək.

AFFA başçısı Qurban Qurbanovla bir-birlərinin qarşısına qoyduqları öhdəliklərdən də danışıb. AFFA prezidentinin sözlərinə görə, əsas şərt vətənə qulluq etməkdir və Qurban da vətənpərvərdir.

Qurban Qurbanov: Bir-birimizə inanaraq bu yolu gedəcəyik

Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov təyinatını şərh edərkən jurnalistlərə açıqlamasında bunları deyib: “Rövnəq Abdullayevə, AFFA İcraiyyə Komitəsinin üzvlərinə təşəkkür edirəm. Hər kəsin arzusu millidə oynamaq və məşqçinin də istəyi milliyə rəhbərlik etməkdir. Hamının gözü millidədir. Azarkeşlər daha yaxşı nəticə istəyir. Bu, mənim üçün böyük məsuliyyətdir. Bu, bir ayın, bir ilin işi deyil. Uzun bir proqramımız olacaq. Pillə-pillə irəli getməliyik. Bir azərbaycanlı kimi, futbolumuz üçün daha artığını etməyə çalışacağam. İşimiz çoxalır. Çalışacağıq ki, rəhbərliklə birgə vəzifəmizin öhdəsindən gələk. Yazıları oxyurdum. Etimadınıza görə də təşəkkür edirəm”.

45 yaşlı mütəxəssis bildirib ki, hələlik köməkçilərla bağlı danışmaq tezdir: “İndi bu suala cavab verə bilməyəcəyəm. Hər şey addım-addım olacaq. Bir aya, ayyarıma qərar veriləcək.”

Başlıca istəyin 2020-ci il Avropa çempionatına çıxışı qazanmaq olduğunu səsləndirən Qurbanov “Millətlər Liqasında da oynamalıyıq. Bu, bizim üçün əlavə üstünlükdür. Futbolda hər şey mərhələ ilə olur. Əlimizdə şans varsa, bundan istifadə etməliyik. Atletiko Madrid Qarabağdan güclüdür. Amma onlarla heç-heçə etdik. Ya da biz çempionatda xal itiririk.” deyib.

Yeni baş məşqçi anlaşmanın şərtlərindən danışmaq istəməyib: “Biz bir-birimizə şərt qoymuruq. Buna gərək yoxdur. Bir-birimizə inanaraq bu yolu gedəcəyik”.

Onu da vurğulayaq ki, Qurban Qurbanov 2008-ci ildən Qarabağ FK-na başçılıq edir. O, xorvatiyalı Robert Prosineçkinin müqavilə müddətinin başa çatmasından dərhal sonra yığmanın sükanı arxasına keçəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın