Dekabrın 21-də rəsmi dollar/manat məzənnəsi Dekabrın 18-i ilə müqayisədə artaraq 1.55 manata,  Avro/manat isə 1.6850 manata qalxıb.

Dekabrın 18-də 1 dollar 1.0499 manata, 1 avro isə 1.1394 manata bərabər idi. Bu 50%-ə yaxın devalvasiya deməkdir.

Rəsmi kurs 1 Dollar 1,55 Manat oldu
Rəsmi kurs 1 Dollar 1,55 Manat oldu

 

Azərbaycan Manatı üzən məzənnəyə keçdi

Manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar olub.

Mərkəzi Bankdan verilən məlumata görə, qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslər, aparıcı mərkəzi bankların son qərarları, dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə başqa qlobal amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarıb.

Bütün bu proseslər qlobal iqtisadiyyata sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Ölkənin xarici ticarət balansının müsbət saldosu və valyuta daxilolmalarının digər mənbələri kəskin azalıb.

Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq cari ilin fevral ayında manatın devalvasiyası həyata keçirilib. İqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunub.

Lakin cari ilin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyətli artırıb. Eyni zamanda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir etməyə başlayıb. Son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100%-i ötüb.

Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib.

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Eyni zamanda banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlılığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.

Məlumata əsasən, bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 0,501 manat artıb. İndi bir dollar 1,5500 manat olub.

Avronun məzənnəsində də bahalaşma qeydə alınıb. Avro 1,6850 manata yüksəlib.

Bu bahalaşma Rusiya valyutasından da yan keçməyib. İndi bir rubl 0,0218 manatdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın