Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Fransanın İl-dö-Frans regionunun prezidenti, ölkə prezidentliyinə namizəd Valeri Pekresin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər etməsinə görə Fransa Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan XİN-in Mətbuat xidməti idarəsidən məlumat verilib.

Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.

Bildirilib ki, dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekres Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib.

Seçkiqabağı kampaniya çərçivəsində başqa fransız siyasətçilərin müşayiəti ilə həyata keçirilən bu səfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulması halıdır.

Bununla əlaqədar, Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.

XİN qanunsuz səfərlə bağlı Fransa Səfirliyinə qəti etirazını bildirib və Azərbaycan Respublikasının müvafiq qanunlarının tələblərini ciddi şəkildə pozan sözügedən Fransa vətəndaşlarının milli qanunvericiliyimizə uyğun olaraq məsuliyyət daşıdığını yada salıb.

Fransadan olan bir qrup siyasətçinin bu addımının Azərbaycan-Fransa ikitərəfli əlaqələrinə ziyan vurduğu, eyni zamanda Fransanın regionda nüfuzuna və münaqişənin başa çatmasından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında oynaya biləcəyi rola ciddi xələl gətirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

“Məlumat üçün bildirmək istərdik ki, Azərbaycan ərazilərinə qanunsuz səfər edən Fransa vətəndaşlarının adları ölkəmizə girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib”, – nazirlikdən bildirilib. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın