Azərbaycan Ermənistanla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov öz “Twitter” səhifəsində yazıb.

Nazir müavini qeyd edib ki, Azərbaycan tərəfi Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş müvəqqəti tədbirlərə əməl etmədiyini sübut edən məlumatlarla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə bu gün məktub təqdim edib.

“Ümid edirik ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanı məhkəmənin qərarını pozduğuna görə uyğun qərar qəbul edəcək. 2020-ci ildən bəri işğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində 240-dan çox azərbaycanlı həlak olub, ya da yaralanıb.

Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılmasının və təbliğinin qarşısının alınmasına dair əmrini də yerinə yetirməyib. Eyni zamanda, bir çox nümunələri onların diqqətinə çatdırmağımıza baxmayaraq, hərbiləşdirilmiş qrupların nifrət nitqi və zorakılığına qarşı heç bir tədbir görməyib.

Həmçinin Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra işğaldan azad edilmiş ərazilərə, məsələn Laçına 1300 mina yerləşdirib. Bu, məcburi köçkünlərin təhlükəsiz geri qayıdışının qarşısını alır”, – nazir müavini vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın