Azərbaycanda alternativ və bərpa olunan enerji (BOE) mənbələrinin təmini hökumətin iqtisadi-enerji prioritetləri sırasındadır. Həmin enerji növləri qlobal iqtisadi çağırışların tərkib hissəsidir və Azərbaycan da özünün iqtisadi mənzərəsini həmin çağırışlara uyğunlaşdırır.

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensialı olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan BOE mənbələrinin potensialı 27 000 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, Günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Alternativ enerji mənbələrinin çoxalması nisbətən təhlükəli ənənəvi resurslardan istifadəni azalda bilər – məsələn, təbii qaz sərfiyyatını. Bu, eyni zamanda ekoloji mühit üçün də vacibdir, çünki alternativ enerji meşələrin qırılmasının da qarşısını alır və odundan istifadə halları, demək olar ki, aradan qalxır.

Alternativ enerji mənbələrinin həm də müharibələrin doğurduğu iqtisadi fəlakətlər qarşısında da güclü immuniteti vardır. Misal üçün, indi Rusiya-Ukrayna müharibəsi davam edir. Bu, ənənəvi enerji mənbələrinə ehtiyacı artırır və tərəflərə manipulyasiya üçün imkanlar qazandırır. Ancaq alternativ və bərpa olunan enerjinin mövcudluğu belə halları aradan qaldırar, ona görə də dünyada yeni trendə qoşulmaq təbii tələbata çevrilir.

Azərbaycan alternativ enerji mənbələrinə keçidi tədrici siyasətlə həyata keçirir və “yaşıl enerji”ni inkişaf etdirir. Ölkəmiz işğaldan azad etdiyi ərazilərdə də “yaşıl enerji” üçün potensial mənbələr axtarır və bu istiqamətdə mühüm nəticələr hasil olunacaq.

Bu il yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi olub. Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı başqa ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir.

Üstündən iki ay keçdikdən sonra isə, martın 15-də, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə deyib:

“Mən çox şadam ki, bu böyük layihənin icraçısı dünyada tanınmış və bu sahədə böyük təcrübəsi olan “Masdar” şirkətidir. Qeyd etdiyim kimi, “Masdar” şirkətinin bu sahədə çox böyük təcrübəsi var, bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir. Əlbəttə ki, bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir. Azərbaycanda çox gözəl investisiya iqlimi vardır və eyni zamanda, Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir”.

230 meqavatt gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, həm də ixrac imkanlarımızı genişləndirəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın