Azərbaycan 32 erməni hərbçisinin meyitini qarşı tərəfə təhvil verib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

“Bilindiyi kimi, bu ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törədilmişdir. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində qarşı tərəf çox sayda itki vermişdir.

Həmçinin bildiririk ki, hərbi əməliyyatlardan sonra bizim nəzarətimizə keçmiş ərazilərdə aşkarlanmış 32 Ermənistan hərbi qulluqçusunun meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun aidiyyəti əməkdaşları ilə birlikdə baxış keçirilmiş və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməmişdir. Sentyabrın 17-də həmin meyitlər qarşı tərəfə təhvil verilmişdir.

İndi Ermənistan hərbçilərinə aid digər meyitlərin müayinəsi aparılır və yaxın zamanlarda onlar da təhvil veriləcəkdir”, – Dövlət Komissiyasından bildirilib.

Onu da bildirək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası daha öncə 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirmişdi.

Məlumata görə, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və bu ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir. Bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılmışdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın