“Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhərində və Abşeron rayonunun kənd və qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ölkə prezidentinin sərəncamlarına uyğun olaraq Bakıətrafı yaşayış məntəqələrində layihələrin icrasını uğurla davam etdirir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Fins.az-a istinadən məlumat verir ki, bununla bağlı qurumun açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bu layihələr Bakı şəhəri və Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində əhalinin mərkəzləşdirilmiş qaydada keyfiyyətli içməli su ilə təminatına imkan yaradacaq, onların kanalizasiya xidmətlərindən istifadəsini yaxşılaşdıracaq.

Sərəncamlara uyğun olaraq, 10 yaşayış məntəqəsində – Bakı şəhəri Binəqədi rayonunun Binəqədi və 28 May, Xəzər rayonunun Mərdəkan, Şağan, Şüvəlan və Binə qəsəbələrində, eləcə də Abşeron rayonunun Mehdiabad, Novxanı qəsəbələri, Pirəkəşkül və Qobustan kəndlərində yeni içməli su və kanalizasiya şəbəkələri yaradılacaq. Hazırda 7 kənd və qəsəbədə tikinti-quraşdırma işləri davam etdirilir, digər 3 qəsəbədə isə inşaat işlərinə yaxın vaxtlarda başlanılacaqdır.

Ümumilikdə 10 yaşayış məntəqəsində 70 km içməli su, 11 km kanalizasiya xətlərinin tikintisi düşünülüb. Qısa müddətdə kənd və qəsəbələrdə 26 km içməli su, 2 km kanalizasiya xətləri tikilib. Tikinti-quraşdırma işlərinin 2017-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.

Kənd və qəsəbələrdə yeni su və kanalizasiya şəbəkələrin yaradılması nəticəsində 37 min nəfərin içməli su təchizatı, 9 min nəfərin kanalizasiya xidmətlərindən istifadəsi əsaslı şəkildə yaxşılaşacaq. 3 km uzunluğunda Mərdəkan-Şağan-Şüvəlan magistral su xəttinin istismara verilməsi perspektivdə Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində 54 min nəfərin içməli su təminatına imkan yaranacaq. Ümumilikdə bu layihələrdən 100 min nəfər sakin yararlanacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara görə, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi və 28 May, Xəzər rayonunun Mərdəkan, Şağan, Şüvəlan və Binə qəsəbələrində, eləcə də Abşeron rayonunun Mehdiabad, Novxanı qəsəbələri, Pirəküşkül və Qobustan kəndlərində görüləcək işlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən “Azərsu” ASC-yə toplam olaraq 13,32 mln. manat vəsait ayrılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın