Koronavirusun (COVID-19) Hindistan variantı olan “Delta” ştammına Azərbaycanla qonşu ölkələrdə – İran, Gürcüstan və Rusiyada rast gəlinib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, İranda “Delta” ştammının yayılması ilə bağlı Məşhəd Səhiyyə Elmləri Universitetinin rektor köməkçisi Mehdi Kəlyan deyib:

“Təəssüf ki, dünən axşam Məşhəddə “Delta” variantına 10-dan çox yoluxma müəyyən edilib”.

Testlərin araşdırma üçün paytaxt Tehrana göndərildiyini qeyd edən Kəlyan bildirib ki, sözügedən yoluxmaların “Delta” variantlı olmasına əminlik var.

Eyni zamanda şimal-şərq qonşumuz olan Gürcüstanda da “Delta” ştammına yoluxma halları aşkarlanıb. 

Ölkənin Səhiyyə Nazirliyi yaxın gələcəkdə koronavirus xəstəliyinin artacağını proqnozlaşdırır.

“Ölkəmizdə koronavirusun Hindistan variantı “Delta”nın müəyyənləşdirilməsi ilə bağlı olaraq epidemioloji durumun bu cür inkişafı mümkündür. Son 24 saat boyunca 7 belə yeni hal aşkar etdik”, – deyə ölkənin Səhiyyə nazirinin müavini Tamar Qabuniya xəbərdarlıq edib.

Qabuniyaya görə, yalnız xəstələnmə sayında yox, ölüm nisbətində də artım ola bilər. “Delta” ştammı Gürcüstanda koronavirus xəstələrinin 10-20 %-də aşkar olunub.

Koronavirusun “Delta” ştammı Rusiyada da aşkar edilib. “RİA Novosti” xəbər verir ki, bununla bağlı “Rospotrebnadzor”un sədri Anna Popova bildirib.

Dünən bu qonşu dövlətdə koronavirusdan rekord sayda ölüm (652 nəfər) qeydə alınıb. Ölüm hadisələrindən 121-i Moskvada qeydə alınıb. Bir gün öncə isə meqapolisdə 124 nəfər vəfat etmişdi: Bu, pandemiya başlayandan bəri ən yüksək göstəricidir.

Bildirilir ki, Rusiya paytaxtında durum son dərəcə çətindir – xəstəxanalardakı və reanimasiyadakı xəstələrin sayı üçün də yeni maksimumlar təyin olunub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın