Futbol üzrə milli komandamızın UEFA Millətlər Liqasında uğursuzluqları sıraladığı bir vaxtda, Slovakiyadan ölkə futbolsevərlərinin üzünü güldürən xəbərlər gəldi. Minifutbol üzrə Azərbaycan yığması heç kimin gözləmədiyi halda, belə demək mümkündürsə, boyundan yüksək tullanaraq Slovakiyanın Koşitse şəhərində keçirilən minifutbol üzrə Avropa Çempionatının (EMF EURO 2022) qalibi oldu.

YALAN.info bildirir ki, əslində hər şey çox sıradan başlamışdı. Yəni ən azından bizim alışdığımız tərzdə. Millimiz qrupdakı ilk oyununda turnirin ən titullu komandası olan Rumıniya ilə qarşılaşmış, 0:2 hesabı ilə məğlub olmuşdu. Ancaq nə oldusa, elə bundan sonra oldu.

İkinci rəqibimiz İspaniya idi və yığmamız pireneyliləri meydana çıxmağa peşman etdi – 5:1. Bu darmadağından sonra böyük ruh yüksəkliyi qazanan milli komandamız Albaniyanı da minimal hesabla keçərək 1/8 finala vəsiqə qazandı.

Yalnız bundan sonra ölkə idmansevərlərinin diqqəti minifutbola yönəldi və artıq hər qarşılaşma geniş rezonans doğurmağa, diqqətlə izlənilməyə başlandı. 1/8 finalda isə rəqib İsrail idi. Yığmamız bu rəqibini də asanlıqla yolundan kənarlaşdırmağı bacardı – 3:0.

Mərhələlər keçildikcə rəqiblərin gücü də artır, həyəcan da pik səviyyəyə doğru yüksəlirdi. 1/4 finalda meydan sahibi Slovakiya yığması ilə üz-üzə gələn komandamız minimal hesablı qələbə ilə yarımfinala çıxaraq artıq Avropa Çempionatının tarixinə öz adını yazdırmışdı. Final yolundakı tək əngəl isə Qazaxıstan yığması idi. Ötən gecə baş tutan çətin yarımfinal oyunu millimizin əzmkar qələbəsi ilə sona çatdı – 3:2.

Taleyin ironiyasıdır ki, son bir həftə boyunca həm böyük futbol, həm də minifutbol millimiz Qazaxıstan və Slovakiya ilə üz-üzə gəlməli oldu. Və maraqlıdır ki, futbol millimizin üzvləri hər iki oyundan başıaşağı (uyğun olaraq 0:2 və 0:1) ayrılsa da, minifutbolçularımız hər iki qarşılaşmada qalib gəlməyi bacardılar.

Və artıq finaldayıq. Rəqib isə 6 dəfə Avropanın ən güclüsü olmağı bacarmış, indi Avropa Minifutbol Assosiasiyasının reytinqində ikinci pillədə qərarlaşmış Rumıniyadır. O komanda ki, yığmamız turnirdəki yeganə məğlubiyyətini qrupdakı ilk oyununda məhz bu komandadan alıb. İndi isə həm revanş almaq, həm də möhtəşəm nəticəyə imza atmaq üçün tarixi şans yaranmışdı.

Final görüşündə yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub. Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub. Bundan başqa Davud Kərimi yarışın ən yaxşı qapıçısı, Bəxtiyar Soltanov isə ən yaxşı oyunçusu seçilib. Hər iki fubolçuya özəl mükafat təqdim edilib.

Azerbaijan National Team Gold Medal Celebration for EMF EURO 2022

Bəs minifutbol nədir, necə idmandır? Bu vaxta qədər niyə diqqət mərkəzində olmayıb? Azərbaycanda nə vaxt təşkilatlanıb?

Bu suallara aydınlıq gətirmək üçün kiçik bir araşdırma apardıq: Avropa Minifutbol Federasiyası (EMF) hələlik nə UEFA, nə də FIFA-ya üzv deyil. Bununla belə, 2010-cu ildə təşkil olunmuş Avropanın ali minifutbol təşkilatı o vaxtdan 2018-ci ilə qədər ildə bir dəfə olmaqla mütəmadi qitə çempionatları keçirib. Yalnız bütün dünyanı cənginə alan koronavirus pandemiyasına görə 2019, 2020 və 2021-ci illərdə yarışlar baş tutmayıb.

Bu vaxta qədər çempionatlara Slovakiya (iki dəfə), Rumıniya, Moldova, Yunanıstan, Monteneqro, Xorvatiya, Macarıstan, Çexiya və Ukrayna ev sahibliyi edib. Sonuncu qitə çempionu Çexiya yığmasıdırsa, Rumıniya titulu hamıdan çox, altı dəfə qazanıb. Qazaxıstan və Rusiya da hərəyə bir dəfə qələbə sevinci yaşamağı bacarıblar.

Minifutbolda qaydalar futbol və futzaldakına oxşasa da, fərqli özəlliklər də var. Məsələn, futzaldan fərqli olaraq bu oyunda aut əllə atılırsa, böyük futboldan fərqli olaraq burada sürüşmə fəndi etmək olmaz. Komandaların heyəti əsasən keçmiş futbolçu və futzalçılardan ibarət olur. Əsas şərt isə oyunçunun son bir ildə heç bir komanda ilə peşəkar müqaviləsinin olmamasıdır.

Azərbaycan Minifutbol Federasiyası (AMF) 2017-ci ildə yaranıb. Federasiyaya Taleh Nəsibov rəhbərlik edir. Milli komandanın baş məşqçisi isə Elşad Quliyevdir. Milli komanda ilk dəfə 2018-ci ildə Ukraynada keçirilmiş Avropa Çempionatında iştirak edib və həmin yarışda qrupdan çıxa bilməyib.

Avropa Minifutbol Assosiasiyasının (EMF) 32 üzvündən biri olan qurumun Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə heç bir bağlığı yoxdur. Qurum şəxsi təşəbbüslə yaradılıb. İndi Gənclər və İdman Nazirliyi federasiyaya dəstək versə də, maliyyələşmə işləri reklam və sponsorlarla təmin edilir.

Avropa Çempionatının Slovakiya ilə yarımfinal oyunundan öncə Gənclər və idman naziri Fərid Qayıbov milli üzvləri ilə videoformatda görüşərək onlara uğurlar arzulayıb.

Federasiyanın təşkilatçılığı ilə Azərbaycan Mini Futbol Liqası keçirilir. Çempionat hərəsində altı komanda olmaqla iki qrupdan ibarət turnir şəklində təşkil olunub. Avropa Çempionatında final oynamış millimizin heyəti Mini Futbol Liqasındakı komandaların oyunçularından təşkil olunub. Onların arasında keçmiş peşəkar futbolçu və futzalçılar da vardı.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın