10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata uyğun olaraq işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşu və iqlim şətaiti olan yerlərdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada yerinə yetirilir.

Azərbaycanın torpaqlarının bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr üzrə aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən indi tərəflərin fikir ayrılığı ilə izlənilən qəliz texniki prosesdən söz gedir.

Bu proseslə bağlı Ermənistanın qeyri-adekvat reaksiya verərək, təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur. Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı durumla bağlı rəsmi çevrələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir.

12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və durumun normallaşması istiqamətində uyğun addımlar atılır.

Ermənistanın siyasi-hərbi çevrələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə durumu gərginləşdirməməyi tövsiyə edirik. Bu kimi hallar hər iki tərəfdən hərbçilər arasında qarşılıqlı təmaslar vasitəsilə müzakirə olunaraq, həll oluna bilər və olunmalıdır.

Azərbaycan öz tərəfindən, qeyd olunan bölgədə gərginliyin aradan qaldırılmasına sadiqdir və bu istiqamətində uyğun addımların atılmasına çağırır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın