2021-ci il üçün birgə fəaliyyət planına uyğun olaraq Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə taktiki təlim keçirilib.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan ordusunun ümumqoşun poliqonunda keçirilən təlimin başlıca məqsədi iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş bacarığının yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.
Təlim zamanı özəl qruplar sutkanın müxtəlif vaxtlarında gizli yollarla şərti düşmənin müdafiəsinin dərinliyinə sızmaq, komanda məntəqəsi və hərbi təyinatlı obyektləri ələ keçirmək üzrə tapşırıqları yerinə yetirib.
Məşğələlərdə başlıca diqqət gizli hərəkətin yaradılmasına, diversiya qruplarının yox edilməsinə, düşmən təxribatlarının qarşısının alınmasına və antiterror əməliyyatlarının özəlliklərinin öyrənilməsinə yönəldilib.