“Məlum olduğu kimi, cari ilin fevral ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana ayrı-ayrı missiyalarının göndərilməsinə dair razılıq əldə olunub”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) UNESCO missiyalarının bölgəyə səfəri ilə bağlı açıqlamasında vurğulanıb.

“Lakin Ermənistan Xarici İşlər Nazirliyi UNESCO missiyalarının Azərbaycana və Ermənistana səfərləri ilə bağlı əldə olunmuş razılığı təhrif etməyə çalışır. Ermənistan XİN-in bu dövlətin üzərinə götürdüyü öhdəliklərindən növbəti dəfə yayınmaq cəhdini qınayırıq.

Azərbaycan Respublikasına həyata keçirilməsi nəzərdə tutulan UNESCO texniki missiyasına gəldikdə, Azərbaycan tərəfi ilk gündən bu missiyanın həyata keçirilməsini alqışlayıb və qısa müddət ərzində missiyanın baş tutması üçün bütün hazırlıq işləri Azərbaycan və UNESCO arasında ikitərəfli formatda razılaşdırılıb.

Azərbaycan Respublikası bu missiyanın həyata keçirilməsi üçün 20 ildən artıq bir müddət ərzində israrlı şəkildə UNESCO-ya müxtəlif çağırışlar edib, bununla bağlı çoxsaylı məktublar ünvanlayıb. Təəssüflər olsun ki, belə bir missiya həyata keçirilməyib və bunun yeganə səbəbkarı Ermənistan olub. UNESCO təşkilat olaraq, özü də bu faktı 2005-ci il tarixli hesabatında qeyd edib. Belə ki, UNESCO Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğunu vurğulayaraq, səfərin məhz Ermənistan tərəfindən qarşısının alındığını etiraf edib.

UNESCO-nun Ermənistana missiyasına gəldikdə isə, Azərbaycan tərəfi dəfələrlə Ermənistanda Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması faktlarını UNESCO və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Ölkəmizin QHT-ləri bu yaxınlarda həmin dağıntılara dair ətraflı məlumatı UNESCO-ya təqdim edib. Bu dağıntılara dair məlumatlarda fotoşəkillər və digər sübutlar öz əksini tapıb.

Hesab edirik ki, Azərbaycan tərəfinin UNESCO-ya təqdim etdiyi faktların araşdırılması məqsədilə Ermənistana missiyanın göndərilməsi zəruridir. Ümid edirik ki, Ermənistan keçmişdə işğal altında saxladığı ərazilərə beynəlxalq missiyanın səfərlərinin qarşısının almaq siyasətindən fərqli olaraq, bu dəfə missiyanın təşkilinə şərait yaradacaq”, – şərhdə bildirilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın