Dünən Azərbaycanın İran İslam Respublikasındakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
YALAN.info bildirir ki, bununla bağlı IRNA xəbər paylaşıb.
Xarici işlər nazirinin köməkçisi Azərbaycan mətbuatında İran əleyhinə olan qeyri-dost bəyanatlara narazılığını və kəskin etirazını səfirə çatdırıb. “Biz bu prosesin ən qısa zamanda dayandırılmasını və təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsini gözləyirik”, – XİN rəsmisi qeyd edib.
Səfir Əli Əlizadə indiki durumdan təəssüfləndiyini bildirərək İran tərəfinin etirazını dərhal Bakıya çatdıracağını vurğulayıb.
İran səfiri Azərbaycan XİN-ə çağırılıb
11 noyabr 2022-ci il tarixində İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.
Görüşdə, son zamanlar İran mediasında Azərbaycan Respublikası əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, İran İslam Respublikasının yüksək vəzifəli siyasi və hərbi rəsmilərinin iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun olmayan təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılıb.
Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına qarşı cinayət törətmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş Azərbaycan Respublikasının vətəndaşlarının İranda məskunlaşmalarına şərait yaradılmasının qəbuledilməzliyi və cinayətkarların təhvil verilməsinin zəruriliyi bir daha qeyd olunub.
Azərbaycan Respublikasında separatçılığı qızışdıran və cinayət təqibindən yayınaraq başqa ölkələrdə gizlənən şəxslərin İran səfirliklərində qəbul edilməsinin qeyri-dost addım olduğu bildirilib.
İranda Azərbaycana qarşı bu kimi məlumatların yayımlanmasının və fəaliyyətin aparılmasının qəbuledilməz olduğu və ən qısa zamanda bunlara son verilməsinin gözlənildiyi vurğulanıb.