Bu gün Azərbaycan Respublikasının 1-ci prezidenti olmuş Ayaz Mütəllibov 84 yaşında dünyasını dəyişib.

YALAN.info bildirir ki, eks-prezident uzun müddətdir ağır xəstəlikdən çətinlik çəkən siyasətçi son günlər danışıq bacarığını itirmişdi.

Bildirək ki, Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub. O, 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1958-ci ildə elmi-tədqiqat institutu bürosunun böyük texnik-konstruktoru kimi başlayıb. 1959-1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, direktor işləyib. 1974-cü ildən “Bakelektroməişətmaş” istehsalat birliyinin baş direktoru olub.

1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvü olub. 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990-cı ilin may ayının 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan SSR prezidenti seçilib.

1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub. 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. O, 1992-ci il martın 6-da vəzifəsindən istefa verib.

Həmin vaxtdan sonra 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycan Respublikasına qayıdıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın