“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı ATV və Real TV-nin suallarını cavablandırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı həmin müsahibəni diqqətinizə çatdırır:

– Aynur xanım, yeni jurnalist nəsli yetişir. Bəziləri isə əllərinə telefon alaraq sosial şəbəkələrdə özlərini jurnalist kimi təqdim edirlər. Sosial şəbəkə jurnalistikası ilə klassik jurnalistika arasında fərq nədir?

– Təbii ki, media sahəsində çox ciddi problemlərimiz var. Peşəkarlarla qeyri-peşəkarlar faktiki olaraq üz-üzədir. Problem nədən qaynaqlanır? Məsələ ondadır ki, biz – mənim də mənsub olduğum nəsli nəzərdə tuturam – peşəkar jurnalist kimi yetişmək üçün uzun bir prosesdən keçirdi. Biz təbii ki, təhsil alırdıq, təhsildən sonra hansısa media orqanına gəlirdik, orada uzun müddət peşəkarlardan, yaşlı jurnalistlərdən, medianın korifeylərindən dərs alırdıq. Yəni, işlədiyimiz yer ilk illərdə bizim üçün praktik universitet rolu oynayırdı.

Bu gün tamamilə dəyişik bir durumdur. Mobil telefon artıq telefon olmaqdan daha aşırı bir anlam daşımağa başlayıb. Mobil telefonun varsa, bu, sənin üçün bir media cihazı rolunu oynayır: həm kameradır, həm fotoaparatdır, həm də diktofondur. Sən küçədə baş verən bir hadisəni dərhal görüb çəkə və öz sosial platformanda yaya bilərsən. Bununla bir növ sən özün də xəbərçi, jurnalist rolunu oynamış olursan. Buna görə də vəziyyət bir qədər mürəkkəbləşib. Həm klassik anlamda media var, həm onlayn media var, eyni zamanda sosial media platforması var ki, burada da belə deyək, baş çıxarmaq doğrudan da həddən artıq çətindir.

Biz təbii ki, peşəkarlarla işləməyi çox istəyirik. Ancaq çox heyiflər olsun ki, əksər hallarda gənclər arasında adi yazı qaydaları, xəbər standartlarını bilən kadr tapmaq çox çətin olur. Biz jurnalistika fakültəsini bitirib gəlmiş gənclərə az qala yazmağı öyrətməli oluruq. Çox heyiflər olsun ki, onların bir çoxu hələ də ingilis şriftləri ilə yazırlar. Biz onlara çox çətinliklə öyrətməli oluruq ki, Azərbaycan dilindəki “ə” hərfini “e” ilə yazmaq olmaz. Azərbaycan dilinin çox incəlikləri var ki, bunları o jurnalistlərin, jurnalist olmaq istəyən gənclərin bilməsi vacibdir, önəmlidir.

Jurnalistika fakültəsini bitirib gəlmiş gəncləri isə sıfırdan öyrətməli oluruq. İnanın, bəzən bir gənci yetişdirməyə, öyrətməyə bir neçə il lazım gəlir. Hər kəs bilir ki, jurnalistika fakültəsini bitirmək hələ jurnalist olmaq demək deyil. Hər bir media orqanı da bir universitet, məktəb kimi onları öyrətməli olur. Mən Mətbuat Şurasının toplantısında bir dəfə təklif etmişdim, necə ki, Tibb Universitetinin tələbələri müəyyən müddət sonra gedib tibb müəssisələrində təcrübə keçirlər, eynilə jurnalistika fakültəsinin tələbələri də gəlib media qurumlarının ofislərində təcrübə keçsələr, – təbii ki, universitet illərindəki bir-iki aylıq təcrübəni nəzərdə tutmuram – ən azı birinci, ikinci kursdan başlayaraq gəlib təcrübə keçsələr, çox şey öyrənmiş olarlar.

Mən özümü sosial mediada aktiv sayıram və bizə qonşu olan ölkələrin sosial media seqmentlərini də izləyirəm. Təbii ki, özümüzlə də müqayisə edirəm və ortada ciddi fərqlər görürəm. Bütün günahı media sahəsinə aid etmək istəmirəm. Müxtəlif sahələrə bunu aid etmək olar. Yəni, ortada çox ciddi fərq var. Bilgilik, informasiya, intellektuallıq baxımından bir çox hallarda problemlər olduğunu görürəm. Təbii ki, çox əsaslı, yüksək səviyyədə müzakirələr də açılır. Həmin müzakirələrdə gənclərin iştirak etməsi çox yaxşıdır, amma bir çox hallarda biz gənclərin intellektual müstəvidə iştirakından daha çox bir troll davası, təhqir, söyüş səviyyəsində mübarizəsini görürük. Bu da təbii ki, narahatlıq doğurur.

– Bəs “New Media Hub” platformasının jurnalistikanın inkişafına köməyi olacaqmı?

– Yeni platformanın yaradılmasını alqışlayırıq, yüksək dəyərləndiririk. Ümumiyyətlə, mediaya yardım edəcək hər bir addım, layihə yüksək dəyərləndirilməlidir. Bu baxımdan düşünürəm ki, yeni yaradılacaq media platforması gənclərimizin yetişməsində, formalaşmasında, onların hərtərəfli, belə deyək, bizim istədiyimiz səviyyəyə çatmasında çox böyük rolu olacaq. Çünki əslində indiki gənclərin imkanları bizim imkanlarımızdan daha genişdir. Az öncə qeyd etdiyim kimi onlar ən aşağı yaşlarından media cihazları ilə ünsiyyətdə olur, informasiya texnologiyaları ilə təmasda olurlar, bu şəkildə böyüyürlər. Onların texnoloji bilgiləri bizim bildiklərimizdən qat-qat çoxdur. Mən öz nəslimi nəzərdə tuturam. Bizim nəsillə müqayisədə yeni nəslin daha böyük imkanları var. Düşünürəm ki, yeni yaradılan media platforması bu məsələdə, gənclərin daha da yetişməsi, formalaşması yönündə çox ciddi addımlar atacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın