4 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov və Avropa Birliyinin (AB) qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi arasında görüş baş tutub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə nazir Ceyhun Bayramov Azərbaycan və AB arasında münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdiyini bildirib. AB Komissarlarının iştirak etdiyi Cənub Qaz Dəhlizi Məşvərət Şurası VIII toplantısının uğurla keçirildiyinə istinad edən Ceyhun Bayramov, enerji sahəsində AB ilə strateji tərəfdaşlığın inkişafını məmnunluqla vurğulayıb.

Nazir, qarşı tərəfə bölgədəki indiki durum, Ermənistan ilə münasibətlərin normallaşması və delimitasiya prosesi, eləcə də mina təhlükəsi kimi məsələlərlə bağlı məlumat verib. O, həmçinin bölgədə həyata keçirilən bərpa və yenidən qurma işləri və bu xüsusda, AB-nin mümkün rolundan danışıb.

Xarici işlər naziri Ceyhun Bayramov və AB-nin qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi arasında görüş

Komissar Oliver Varhelyi AB üçün Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinin böyük önəm daşıdığını və bu münasibətlərin daha da gücləndirilməsinin vacib olduğunu qeyd edib. O, Azərbaycanı AB-nin güvənli tərəfdaşı olduğunu vurğulayıb. Komissar, iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrıldığını bildirib və bu çərçivədə konkret layihələrin reallaşmasının nəzərdən keçirildiyini vurğulayıb. O.Varhelyi, habelə AB-nin Azərbaycanda həyata keçirilən bərpa və yenidənqurma prosesində iştirak etməyə hazır olduğunu ifadə edib.

Tərəflər, regional təhlükəsizlik, enerji tərəfdaşlığı, iqtisadi əlaqələr, həmçinin nəqliyyat və bağlantılar, sektoral əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə əməkdaşlığın həyata keçirilməsi üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycan və Avropa Birliyi arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tamamlanmasının əhəmiyyəti qarşılıqlı şəkildə ifadə edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran başqa məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın